Kəlbəcər: siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi - ÖZƏL
14:32 SiyasətəKəlbəcər dediyimiz zaman Azərbaycanın ən strateji, ən zəngin bölgələrindən biri ağlımıza gəlirsə, təəssüflər olsun ki, bu bölgə yaddaşlarımızlarda həm də ən ağrılı-acılı günləri yaşayan bir bölgə kimi qalıb. Kəlbəcər tarixi əhəmiyyəti, arxeoloji faktları baxımından olduqca önəmli bölgəmizdir. Qədim türk diyarı olan Kəlbəcərin Azərbaycandan qopardılması məqsədyönlü planın tərkib hissələrindən biri idi. Coğrafi mövqeyinə görə yüksək dağlıq ərazi olan Kəlbəcər hündür zirvələri ilə hər yerə nəzər yetirə bilirdi. Ərazisinin çox hissəsinin meşəlik olması faktının özü də işğal reallaşdırılan zaman düşmənin məkirli planlarına cavab verirdi. Ərazisi 3054 kv. km. təşkil edən rayon 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər 53 478 əhaliyə malik idi. İşğal zamanı rayonun 511 dinc sakini amansızca qətlə yetirildi, 321 sakin əsir götürüldü, neçə-neçə insan taleyi haqqında bu günə qədər məlumat yoxdur. Ermənilər Kəlbəcərin tarixi, mədəni irsini yerlə-yeksan etməklə kifayətlənmədilər, hətta maddi-texniki bazasını talan edib, milyard manatla ölçülən sərvətini Ermənistana daşıdılar. Kəlbəcərin işğalına dair BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli qərarı ilə 822 saylı Qətnamə qəbul edilsə də, aqibəti bəlli olan digər üç qətnamə kimi buna da illər boyu məhəl qoyulmadı. Ermənistana havadarlıq edən dairələr, beynəlxalq təşkilatlar bir dəfə də olsun təzyiq mexanizmi tətbiq etmədilər ki, Qətnamə icra edilsin. Əksinə qeyri-qanuni məskunlaşma siyasətinə başladılar. 1999-cu ildən başlayaraq BMT-nin və ATƏT-in prinsiplərinin əksinə gedərək 1999-cu ildən Kəlbəcər rayonu ərazisində dünyanın müxtəlif yerlərindən gətirilən erməniləri məqsədli şəkildə məskunlaşdırmağa başladılar.
Azərbaycan istər Kəlbəcərlə bağlı qəbul edilən Qətnaməni, istərsə də digər üç qətnaməni özü icra etməklə yanaşı, həm də bu gün Kəlbəcəri yenidən qurub-yaradır. Cənab Prezident İlham Əliyev Kəlbəcərin strateji əhəmiyyətini qeyd edərək bildirir ki, 44 günlük Vətən müharibəsinin elə ilk günlərindən Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürdük ki, ermənilərin hərəkət imkanları məhdudlaşsın. Basarkeçər-Kəlbəcər yolundan istifadədən əllərini üzən ermənilərin hərəkətini məhz strateji nöqtələri götürərək iflic vəziyyətə saldıq.
Kəlbəcər siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsidir. Ermənistanın təslim olduğu kapitulyasiya sənədi ilə Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Nəticə etibarilə, Kəlbəcər şəhəri və rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcər təvil verilərkən ermənilərin çıxdığı oyunlar göstərdi ki, murdar xislətlərinin sonu yoxdur. Kəlbəcər boşaldılanda vaxtilə qeyri-leqal şəkildə bölgədə məskunlaşdırılan sakinlərin biabırcasına etmədikləri hərəkətlər qalmadı. Bizə qalmasın deyə evlərə, bağ-bağçaya od vurdular, torpaqları yandırdılar. Əslində isə bir daha öz simalarını dünyaya nümayiş etdirdilər. Ekologiyaya, mülki obyektlərə vurulan ziyan beynəlxalq konvensiyalara müvafiq olaraq hərbi cinayət kimi xarakterizə olunur.
İndi isə tamamilə yeni reallıqları yaşayırıq. Bu reallığın ilkin mərhələsi özünü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalının təsis edilməsi ilə göstərdi. Hər bir əsgərinə, zabitinə dəyər verən Müzəffər Ali Baş Komandanımız qəhrəman Ordumuzun 9455 hərbi qulluqçusunu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif etdi. Məntiqi davam olaraq cənab Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis etdi ki, müvafiq olaraq 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edildi.
Bu gün Azərbaycan xalqı 25 noyabrı Kəlbəcər şəhəri günü kimi qeyd edir. Kəlbəcərə yeni həyat verilir, şəhərin 2040-cı ilədək inkişafına dair Baş planı" icra edilir. Yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzi, muzeylər, mehmanxanalar tikilir. Plan müasir standartların tətbiq ilə realizə edilir. Belə ki, şəhər ərazisinin 22%-inin yaşıllıqlardan ibarət olması hədəf kimi müəyyən edilib. Məskunlaşma qarşıda duran ən əsas hədəfdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarının təqdim edilməsi bu işə olduqca böyük təkan verdi. Yanşaq, Zallar, Zar kəndləri yenidən qurularaq məskunlaşdırılma həyata keçirilir. "İstisu" Müalicə-İstirahət Kompleksinin, "İstisu" mineral su zavodunun inşası, bölgənin enerji ehtiyatlarından səmərəli istifadə dövlətimizin həssas yanaşdığı amillərdəndir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi yol infrastrukturu baxımından son dərəcə mühüm addımdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri mütəmadi xarakter daşıyır, dövlət başçımız reallaşdırılan işlərə şəxsən nəzarət edir. Kəlbəcər, bütövlükdə Qarabağ və Şərqi Zəngəzura sahibləri yenidən həyat bəxş edir.
Şəbnəm Həsənova
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq