Kəlbəcər Azərbaycan tarixinin yaşayan arxividir- ÖZƏL
10:51 Siyasət"Kəlbəcər əsrlərin sınağından keçmiş tarixi, mədəniyyəti və təbiəti ilə seçilən bir bölgədir. 25 Noyabr - Kəlbəcər şəhəri günü isə bu qədim yurdun keçmişinə ehtiram, bu gününə qürur və gələcəyinə inamın rəmzi kimi qeyd olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Kəlbəcər təkcə coğrafi rayon deyil, həm də minillər boyunca formalaşmış sivilizasiyanın izlərini qoruyan bir açıq hava muzeyidir. "Kəlbəcər" toponimi qədim türk dilində "çay üstündə qala" mənasını verir və bölgənin strateji-coğrafi mövqeyi ilə birbaşa bağlıdır. Tədqiqatlar sübut edir ki, burada 30 min ildən artıq yaşı olan qədim yaşayış məskənləri mövcuddur. Qayalarda 6 min il yaşı olan petroqliflər, qədim türk əlifbası nümunələri aşkar edilib. Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar qədim türklərin yaşayış məkanları olub. Daş abidələr bölgədə türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın yayılma mərhələlərini əks etdirir.
Bu baxımdan Kəlbəcər tək bir rayon deyil, Azərbaycan tarixinin yaşayan arxividir. Kəlbəcər həm tarixi, həm də coğrafi xüsusiyyətləri ilə fərqlənir. Azərbaycanın ən yüksək dağ rayonlarından olan bu bölgənin başı sanki buludlarla birləşir. Rayon həmçinin geniş meşə massivləri, buz kimi bulaqları, çayları, mineral suları, nadir flora və faunası ilə zəngindir. Sərhədləri isə həm ölkənin daxilində, həm də Ermənistanla təmas xəttində mühüm strateji mövqeyə malikdir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər əhalisi 53 478 nəfər, ərazisi 3054 km², 1 şəhər, 1 qəsəbə, 145 kənd, 55 inzibati ərazi dairəsi mövcud idi.
Bu göstəricilər Kəlbəcərin Azərbaycanın ən geniş və ən dağlıq rayonlarından biri olduğunu göstərir".