Avropa liderləri və “Təhlükəsizlik planı-28”: Brüsselin diplomatik tamaşası

EIÇİN ALIOĞLU
 

ABŞ prezidenti Trampın təşəbbüsünü guya dəstəkləyirmiş kimi davranan Avropa liderləri, əslində Brüssel üçün çox tanış olan səhnəni yenidən oynadılar: formal razılıq, amma elə say-sız "şərtlərlə", ki, istənilən danışıqlar prosesi sonunda hüquqi labirintə çevrilə bilər. Sanki diplomatik nəzakət nümayiş etdirirlər, amma faktiki olaraq bəyanatın hər bəndi "gecikdirilmiş torpeda" effekti yaradır - 28 maddəlik planı yavaş-yavaş zərərsizləşdirir.

Brüsseli ən çox düşündürən məsələ odur ki, yeni təhlükəsizlik arxitekturası Ukraynanı faktiki müdafiəsiz buraxa bilər. Avropa İttifaqı qəti şəkildə israr edir: ordunun azaldılması, silahların məhdudlaşdırılması və ya ölkəni hərbi baxımdan zəiflədən istənilən addım onun üçün qəbuledilməzdir. Həm Aİ liderləri, həm də NATO tərəfdaşları açıq-açıq xatırladırlar: İttifaqa və Alyansa üzvlük məsələsi klubun daxili səlahiyyətidir, Vaşinqton isə müttəfiqlərinə necə səs verəcəyini diktə edə bilməz. İroniya ondadır ki, bu gün "sərt mövqe" tələb edənlərin çoxu dünən Kiyevə elementar yardım tapmaqda çətinlik çəkirdi.

Avropanı ən çox titrədən bəndlər Donbas və Krımın faktiki olaraq Moskvaya aid kimi rəsmiləşdirilməsidir. Bu, Avropa paytaxtlarının hələlik keçmək istəmədiyi "siyasi qırmızı xətt"dir. Eyni ilə enerji infrastrukturu məsələsində də Brüssel mövqeyini açıq qoyur: Zaporojye AES-nin nəzarəti, su ehtiyatlarının idarəsi, Dnepr üzərində naviqasiya statusu - bütün bunların Kiyevə qaytarılmasını istəyir. Yəni Avropanın əlavələri nəticəsində amerikalıların ilkin planı məntiqini itirir və mexaniki sənədə çevrilir.

Avropa İttifaqı uzun müddətdir "donmuş rus aktivlərini" istifadə etməklə bağlı plan qururdu, amma Trampın təklifi bu hesabları sıfırlayır. Brüssel özünü azı 140 milyard avroluq sxemin operatoru kimi görürdü, indi isə ABŞ başqa model təklif edir: vəsaitlər Vaşinqtonun idarəsində, gəlir payı isə əvvəlcədən ABŞ-a yazılıb. Söhbət avropalıların "öz pulları" hesab etdikləri məbləğlərdən gedir. Belə olanda diplomatiya bir anda yoxa çıxır - meydanda ancaq sərt maraqlar qalır.

Ona görə də Starmer kimi fiqurlar dərhal "alarm rejiminə" keçdi. Onun Münhenlə paralellər aparması tarix üçün yox, ictimai rəyə təsir etmək və Avropa hökumətlərində müqaviməti sındırmaq üçündür. Bu, qorxular üzərindən qurulan klassik oyundur - səsi çox çıxanlar ton verir, amma qərarı sakit düşünənlər qəbul edir.

ABŞ-da isə Trampın ilk dönəmində çatışmayan intizam bu dəfə özünü göstərir. Hətta general Kellog kimi sərt "şahinlər" də yeni xəttə qarşı çıxmır, əksinə, Kiyevin "ağrılı qərarlar" verməli olduğunu vurğulayırlar. Ağ Ev açıq bildirir ki, zaman Ukraynanın xeyrinə işləmir - planın imzalanması Şükranlıq Günü bayramına qədər arzulanan məqsəddir. Məqsəd - siyasi dövrəni sürətləndirmək, Avropanın manevr imkanlarını daraltmaq.

Ukrayna nümayəndə heyəti Cenevrədə danışıqları öz siyasi fırtınası fonunda aparır. Yermak və Umerovla bağlı qalmaqallar onları amerikalılar üçün əlverişli tərəfdaşa çevirir - çünki zəiflik idarəolunanlığın ən yaxşı katalizatorudur. Vaşinqton üçün əsas məsələ - prosesi tez bağlamaq və Moskvaya elə bir paket təqdim etməkdir ki, ən azı dərhal rədd edilməsin.

Rusiya da formal olaraq "elastik" görünür, amma bu elastiklik əvvəlcədən çəkilmiş konturlar çərçivəsindədir. Kreml detalları müzakirə etməyə hazır olduğunu göstərir, amma fundamenti dəyişmək niyyətində deyil. Moskva anlayır ki, hərbi təşəbbüs hələ də onun tərəfindədir və danışıqları məsuliyyəti bölüşdürmək üçün əlverişli alət sayır. Plan pozularsa, günahkar kimi Kiyev və onun Avropa sponsorlarının göstərilməsi Kreml üçün daha sərfəlidir.

Ən çətin hissə - 28 bəndin hamısının razılaşdırılmasıdır. Bu, həm iki ölkənin qanunlarında, həm NATO nizamnaməsində, həm də ikitərəfli sazişlərdə ciddi dəyişikliklər tələb edən hüquqi marafondur. Yolu uzun, amma iştirakçıların siyasi dövrləri qısadır. Elə buna görə də hər tərəf artıq indidən "son sözü" demək hüququnu qorumağa çalışır. Hər kəs istəyir ki, məhz onun imzası sonuncu olsun - çünki o andan məsuliyyəti başqasının üzərinə atmaq daha asan olacaq.

Avropa alver edir. ABŞ təzyiq göstərir. Ukrayna manevr edir. Rusiya gözləyir. Nəticədə "Plan-28" - guya sürətli nizamlama mexanizmi - tədricən növbəti diplomatik marafona çevrilir. Əsas intriqa isə artıq bəllidir: kim birinci masadan qalxacaq və sabah kimin adını "günahkar" siyahısına yazacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31