Kəlbəcər Azərbaycanın yeraltı sərvətlər diyarıdır
10:21 SiyasətBir zamanlar mənfur erməni tərəfi Azərbaycanın qarşısında şərt qoyurdu:" Əgər Azərbaycan erməni tərəfinin Qarabağla bağlı tələblərini qəbul etsə,Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ilə bağlı danışıqlar aparmaq olar." Erməni tərəfinə elə gəlirdi ki, Kəlbəcər və Laçın onun tərkib hissəsi kimi qala bilər və qalmalıdır.
Kəlbəcər sözün həqiqi mənasında Azərbaycanın həm sərvəti, həm də əzəmətidir. Kəlbəcər tarixi abidələrin sayına görə dünyanın diqqət mərkəzində olan ərazisidir. Qədim Zar mağarası haqqında yazılanlar Kəlbəcəri qədim insan məskəni kimi tanıdır. Kəlbəcərdə daş abidələr Azərbaycanda atəşpərəstliyin, xristianlığın və islamın yayılmasına şahidlik edən tarixi nümunələrdir.
Kəlbəcər Azərbaycanın yeraltı sərvətlər diyarıdır. Hansı yeraltı sərvətin adını çəksəniz, Kəlbəcərdə də var ifadəsini eşidəcəksiniz. Kəlbəcər ən hündür zirvələri ilə məşhurdur.
I və II Qarabağ müharibələrində Ömər aşırımı tarix yazdı və burada vuruşan hər bir əsgərimiz Ömər aşırımından məhəbbətlə danışır. Əsgərlərimizin qəhrəmanlığı burda sınandı, xoşbəxtlikdən bu sınaqdan, bu aşırımdan üzüağ çıxdıq.
...1993-cü ildə Kəlbəcər rayonu Şuşa və Laçından sonra işğal olundu. Kəlbəcər işğal olunan dövrdə Azərbaycan heç bir dövlət tərəfindən haqqı tanınmayan, köməksiz vəziyyətdə idi. Kəlbəcər də köməksiz Azərbaycanın köməksiz rayonu kimi özünü qoruya bilmədi və işğal olundu.
İşğala qədər rayonun 54 minə qədər əhalisi var idi. 1993-cü ilin aprel işğalından sonra bu qədər insan köçkün həyatı yaşamağa məcbur edildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü, evindən didərgin salınan əhali 56 rayonun 770 yaşayış məntəqəsində məskunlaşmağa məcbur oldu. Uzun illər Kəlbəcərin sərvəti Ermənistana daşındı.Ermənilər Kəlbəcərin onlara məxsus olmasına o qədər inanmışdılar ki, hətta asfalt yol çəkməyi də unutmamışdılar.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi Kəlbəcərin işğalı ilə bağlı idi. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Çıxarıldımı? Xeyr. Əksinə, BMT qətnamələrinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etmək üçün mümkün olan mübarizəni apardı. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu prosesi uzatmaqla Ermənistana böyük meydan verdi. Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək ATƏT-in Minsk qrupunu təşkil edən hər üç dövlət Ermənistanın nəfinə çox çalışdılar. Azərbaycan əmin oldu ki, işğal altında olan torpaqlarını özü azad etməli, erməni təcavüzünə özü son qoymalı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü həyata keçirməlidir. Elə də oldu.
2020-ci ilin sentyabrında Azərbaycan əsgəri tarixi bir missiyanı öz üzərinə götürdü. Bir milyon qaçqın və köçkünü öz doğma torpaqlarına qaytarmaq, minlərlə şəhidin intiqamını almaq, təhqir edilmiş dini məbədlərimizi, dağıdılmış tarixi və mədəniyyət abidələrimizi, yerlə yeksan edilən şəhər və kəndlərimizi qaytarmaq üçün Azərbaycan əsgəri 17 il əmrində qaldığı Ali Baş Komandanından gözlədiyini aldı: Vətən Müharibəsi başladı. Vətəni qorumaq imandandır. Əsgər də ilk həmlləri ilə düşməni lərzəyə saldı. Ermənilərin 30 il ərzində qurduqları müdafiə xətlərini darmadağın etdi və 44 gün ərzində istədiyinə nail oldu.
44 gün ərzində əsgər səngərdə düşmənlə, Ali Baş Komandan isə Bakıda Ermənistanın müdafiəsinə gələn tərəflə vuruşdu. Ali Baş Komandanın qətiyyəti və 17 il ərzində yetişdirdiyi əsgəri bu müharibənin qalibi oldular. Çünki Azərbaycan tərəfi öz torpağı, öz vətəni üçün vuruşurdu. Müstəqil Azərbaycanın taleyi həll olunurdu.
Tarixdə heç vaxt bu qədər azərbaycanlı intizarda qalmamışdı. Əli silah tutan cəbhədə, yaşlı, qoca, ağbirçəklərin əlləri göydə dua edirdilər. Allah da dualarımızı eşitdi. Dünənə qədər bizə meydan oxuyan düşmən aman dilədi, yalvardı və danışıqsız təslim oldu.
10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata əsasən bir güllə atılmadan Kəlbəcər Azərbaycan tərəfinə təhvil verildi. Kəlbəcər şəhəri daxil olmaqla rayonun 147 kəndi işğaldan azad oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü müəyyən olunmuşdur.
İşğaldan azad olan Kəlbəcər tikinti cəbhəsinə start vermişdir. Dünənə qədər əlində silah Vətəni azad edən gənclərimiz bu gün yeni şəhərlərin və kəndlərin bünövrələrini qoyur, əmək cəbhəsində öz bacarığını göstərirlər. Uğurlarınız bol olsun!
Anar İsgəndərov
Milli Məclisin deputatı