Ermənistanın ekstradisiya tələbi: Kreml üçün təsir aləti, İrəvan üçün sınaq- ÖZƏL

Ermənistan hökuməti Baş Prokuror Anna Vardapetyan vasitəsilə Rusiyadan iki keçmiş yüksək vəzifəli şəxsin - keçmiş Baş prokuror Gevork Kostanyanın və 2008-ci il 1 Mart hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutunyanın ekstradisiyasını tələb edəcək.
Hər iki şəxs 1 Mart işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, sübutları saxtalaşdırmaqda və istintaqı təhrif etməkdə ittiham olunur. 2008-ci ildə sabiq prezident Serj Sərkisyanın seçki saxtakarlığına etiraz edənlər güllələnmiş, 8 nəfər həlak olmuşdu.
Hər iki keçmiş məmurun Rusiyada olduğu bildirilsə də, Rusiya Federasiyası hələlik onların ekstradisiyasına razılıq verməyib.
Rusiya bu şəxslərin İrəvana ekstradisiyasına razılıq verərmi?Gevork Kostanyan və Vaaqn Arutunyanın ekstradisiyası 1 Mart hadisələrinin əsas fiquru olan Serj Sərkisyana qarşı istintaqı necə dərinləşdirə bilər?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 

" Rusiya ehtiyatla davranır-Anna Vardapetyanın açıqlamalarına görə, indiyədək Kostanyan və Arutunyanın ekstradisiyası üçün Moskva razılıq verməyib. Bu, sadəcə hüquqi prosedurdakı çətinliklərdən deyil, həm də Rusiyanın geopolitik manevr imkanlarından qaynaqlana bilər. Kreml  üçün bu şəxsləri geri vermək müəyyən diplomatik üstünlük ola bilər, amma strateji olaraq saxlamaq da faydalıdır. Ermənistan tərəfi üçün ekstradisiya tələbi 2008-ci il 1 Mart olaylarının ədalətli araşdırılması və tarixi ədalətin bərpası baxımından kritik əhəmiyyət kəsb edir. Kostanyan və Arutunyanın geri gətirilməsi istintaqı sadəcə cinayət işindən daha dərin struktur analizinə doğru genişləndirə bilər, çünki onların rolu prokurorluq sistemində liderlik səviyyəsində olub. Onların ifadələri, dindirilməsi və müsahibələri istintaq prosesinə institutlaşmış sui-istifadə mexanizmlərinin iş prinsipləri barədə açıq görüntü verə bilər. Bu, 1 Mart hadisələrinin arxasındakı qərar mexanizmlərinin necə işlədiyi, sübutların niyə və necə saxtalaşdırıldığı və istintaqı hansı maraqların təhrif etdiyi suallarını daha aydın cavablandıra bilər. Ermənistanın siyasi rəhbərliyi üçün bu, daxili legitimliyi möhkəmləndirən və ictimai təzyiqi ödəyən bir strategiyadır. Eyni zamanda, bu tələbin beynəlxalq auditoriyalara - Avropa hüquq institutlarına, insan haqları qurumlarına göndərdiyi mesaj da böyükdür. İrəvan ədaləti bərpa etmək üçün ciddi addımlar atmağa hazırdır. Ancaq Rusiya razılıq verməsə, istintaq potensialının tam reallaşması məhdudlaşa bilər, çünki əsas fiqurlar ölkədə olmadan tam dərinlikli araşdırma aparmaq çətinləşər. Bu kimi bir senari Ermənistan üçün risklidir, çünki 1 Mart hadisələri hələ də milli travma və siyasi rəyə təsir edən mövzudur. Digər tərəfdən, Moskvanın ekstradisiya verməsi İrəvan üçün böyük qələbə olardı - amma bunun müqabilində siyasi cost (xərci) ola bilər, məsələn, Moskvadan təzyiq və ya barter əməliyyatları. Əgər ekstradisiya baş tutsa, bu, Azərbaycanda deyil, Ermənistanda antikorrupsiya və məmur məsuliyyətliyi üzrə presedent yaradacaq, yəni "yüksək səviyyəli məmurlar da hesab verə bilər" mesajı güclənəcək. Lakin bu addım İrəvanın Qərb-mərkəzli siyasi orbitdən uzaqlaşması və Rusiyaya daha da bağlı olması narahatlığını da yarada bilər. Ona görə, ekstradisiya tələbi yalnız hüquqi deyil, eyni zamanda dərin strateji və geosiyasi oyun kimi dəyərləndirilməlidir. Umid var ki, Rusiya müəyyən təzyiq altında açılsa da, Moskvanın qərarı sadəcə hüquqi deyil, siyasi və strateji maraqlarla da bağlı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31