Fazil Mustafadan Cabir İmanovun vəhhabi olması ilə bağlı müzakirələrə SƏRT CAVAB: “ Bu, tərbiyəsizlikdir, nə haqqınız var?”
17:20 SiyasətTanınmış aktyor Cabir İmanovun ölümündən sonra cəmiyyətdə çoxsaylı müzakirələr aparılıb. Bunlardan biri onun zamanında hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməsi, siyasi aksiyaları yatırmaq üçün istifadə etdiyi metodlar, digəri isə onun dini görüşləri ilə bağlıdır. Xüsusən də onun cənazəsindən yayılan görüntülərdə vəhhabi qanadına bağlılığı ilə bağlı iddialar yayanlar çox oldu.
Millət vəkili Fazil Mustafa TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının müəllifi olduğu "Canlı debat" verilişində bu müzakirələrə öz sərt münasibətini bildirib.
Millət vəkili öncə bildirib ki, fərdlər üzərində müzakirə aparmağa maraq göstərməsə də, cəmiyyəti maraqlandıran, ictimai dəyəri olan insanların müzakirə olunmasında da qəbahət görmür:
"Əgər adam siyasətçi, ya da ictimai şəxsdirsə, ölümündən sonra da onunla bağlı müzakirələr gedə bilər. Mənim də həyatımda kiminsə xoşuna gəlməyən epizodlar varsa, bunu söyləyə bilər. Çünki ictimailəşmisənsə, bunu normal qəbul etməlisən. Amma harda ki, böhtan-şantaj, qaralama kampaniyası varsa, buna dirəniş göstərməlisən. Cabir İmanov məsələsinə gəlincə, mən ilk növbədə bir insan cəmiyyət həyatına nə veribsə, onu müzakirə etməyin tərəfdarıyam. Adam cəmiyyətə gülüş və sağlam tənqid verib. Bir çox məsələlərdə siyasi-ictimai mövqeyi qəbul olunmağa bilər. Amma adam cəmiyyətə neqativ bir şeyləri öz aktyorluq fəaliyyəti ilə verməyib. Mənim müşahidə etdiyim budur. Televiziyadan aldığım informasiyanı deyirəm. Mən o janrı bəyənən deyiləm, amma orda sətiraltı tənqidləri, mesajları da anlayıram".
F.Mustafa C.İmanovun hüquq-mühafizə orqanlarında çalışdığı illərin müzakirəsinə gəlincə, burada da araşdırmanın tərəfdarı olduğunu söyləyib:
"Onun iddia olunduğu işgəncə vermə iddiaları ilə bağlı hər hansı şikayət olubmu? İstintaq materiallarında bununla bağlı nələrsə varsa, müzakirə də bu mövzuda olmalıdır. O, bu siyasi mövqeyinə görə hakimiyyətin maraqlarını qoruyan bir qurumda olub. O qurumda da qanunauyğun davranmalısan. Amma iş prosesində kiməsə işgəncə veribsə, qəddar davranıbsa, bu işgəncəyə məruz qalan şəxsin də haqqıdır ki, bununla bağlı hətta öləndən sonra da danışsın. Çünki kimsə öləndə də soruşurlar ki, "ölənə halallıq verirsizmi?" Kimsə çıxıb deyə bilər ki, halallıq vermirəm. Müzakirə də bu kontekstdə olmalıdır".
Fazil Mustafa Cabir İmanovun inanc məsələsinin müzakirəsini isə tərbiyəsizlik adlandırıb:
"Adamın inanc məsələsinə gəlincə, bu, tərbiyəsizliyin bir növüdür. Adam özü elan etmir ki, özüm hansı inancdayam. Hindistanda biri siçana, biri inəyə inanır. Bir azərbaycanlının baxış bucağına görə, bir siçana, inəyə inanmaq qəbul olunmur. Amma Hindistana gedərək, insanları yığsan və desən ki, "sən niyə inəyə inanırsan, tək Allah var", bu sözlərinə görə səni linç edərlər. Bizdə də müəyyən əqidələr var. Biri ələmə inanır, biri şeyxinə inanır - corabını iləməklə həyatının zövqünü yaşayır. Belə bir xəstə düşüncədə olan insanlar var. Biz nə zaman inanca qarışa bilirik? Bu inanc cəmiyyətin ictimai asayiş qaydasını pozursa, cəmiyyətdə zorakılığı, təhdidi artıtırsa, terrorizmə sövq edirsə. Bu, ümumi şəkildə bütün inancların içində terrora meylli, dini qaydaların sərt şəkildə tətbiq olunmasını arzulayan insanlar var. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır. Təhlükə yaradanda hüquq-mühafizə orqanları konkret addımlar atır. Bu olsun 5 faizi. Amma 95 faiz normal həıyatını yaşayır. İbadəti ilə qonşusuna, cəmiyyətinə mane olmur. Bunu sən ibadətinə görə necə yarlıq asa bilərsən? Özü də elan etməyibsə, bunu müzakirəyə çıxarmağa haqqın yoxdur. Bu, tərbiyəsizlikdir. Yüzlərlə insan bomj da ola bilər, alkoqolik də ola bilər. Amma mənim həyatıma təhlükə yaratmadığı müddətcə mən onu təhlükə hesab edə bilmərəm".
F.Mustafa bildirdi ki, bir nəfərin cənazə namazını kimin qılmasının məsələyə heç bir aidiyyatı yoxdur:
"Niyə bunu ictimai müzakirəyə çıxarırlar axı? Bu, informasiya deyil. Bu, bilavasitə adam haqqında rəy yaratmaq, onun barəsində xortdan obrazı yaratmaqdır. İndi baxın, vəhhabinin də terrorçusu var, normal ibadət edəni də. Şiənin də arasında həm terrorçu, həm də normal ibadət edən var. Amma normal, mülayim, öz həyatını yaşayan yüz minlərlə dindar insanlar var. İslamda məzhəb və təriqət anlayışına qarşıyam. İslamda bir ad var: müsəlman adı".