Paşinyanın əsas qorxusu: Rusiya 102-ci bazanı niyə çıxarmır? – ÖZƏL

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki,Rusiya Ermənistandakı 102-ci hərbi bazasını çıxarmaq niyyətində  deyil və bu, Ermənistanın təhlükəsizlik sisteminin mühüm dayağıdır. Xatırladaq ki, Gümrüdə rus hərbçilərinin çıxarılması ilə bağlı etirazlar olmuş, Paşinyan da Moskvanın hərbi varlığını təhdid adlandırmışdı. Son vaxtlar isə Moskva-İrəvan münasibətlərində müəyyən yumşalma müşahidə olunur. Buna baxmayaraq, Rusiya 102-ci bazanın qalması üçün ciddi səy göstərir.

Bəs Rusiya 102-ci bazanı saxlamaqla regionda hansı siyasi və hərbi məqsədləri güdür?

"Ermənistan tərəfi hər nə qədər Qərb hərbi təşkilatlarına inteqrasiya prosesinə başlasa da, digər tərəfdən Rusiyanı tam şəkildə qıcıqlandırmaq istəmir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan seçkiöncəsi vəziyyəti gərginləşdirməmək üçün bu addımları ehtiyatla atır. Çünki məlum olduğu kimi, Ermənistanda parlament seçkiləri çox yaxın vaxtlarda keçiriləcək və seçkilərin kifayət qədər gərgin şəraitdə keçəcəyi gözlənilir. Rusiyanın nəzarəti altında olan müəyyən qüvvələr Nikol Paşinyanı hakimiyyətdən devirmək və Ermənistanda qarşıdurma yaratmaq üçün bütün güclərini səfərbər etməyə çalışırlar. Paşinyan isə bu vəziyyətdən çıxmaq üçün məhz bu cür addımlar atmağa səy göstərir.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan Qərbə doğru inteqrasiya prosesini müəyyən qədər aparır, hərbi təşkilatlara üz tutmağa çalışır. Amma eyni zamanda Rusiyanı da bu məsələlərdə tam şəkildə qıcıqlandırmaq istəmir. Paşinyanın ən çox ehtiyat etdiyi məqamlardan biri Ermənistanda yerləşən 102-ci hərbi bazanın mövcudluğudur. Yəni, əgər ölkədə kütləvi iğtişaşlar baş verərsə, həmin baza aktiv şəkildə hərəkətə keçə bilər. Bu bazadan istifadə edərək Rusiyameylli qüvvələr müəyyən addımlar ata, iğtişaşlar təşkil edə bilərlər. Paşinyanın əsas narahatlığı da məhz bu bazanın fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən Paşinyan və onun komandası həmin bazanı neytrallaşdırmaq kimi bir missiyanı öz üzərlərinə götürməyə çalışırlar. Verilən açıqlamalar da əsasən bununla bağlıdır. Məsələn, yaxın günlərdə Ermənistan baş nazirinin Rusiyaya səfəri və orada Rusiya rəhbərliyi ilə görüşməsi ehtimal ki, bu məsələlərin geniş müzakirəsinə həsr olunub.

Z. Əmrəliyev əlavə edib ki, hazırda Ermənistanda müxalifət də seçkiöncəsi fəallığını artırıb və Rusiyayla intensiv müzakirələr aparır. Məsələn, Paşinyanın ən böyük siyasi rəqiblərindən biri, sabiq prezident Robert Köçəryanın Rusiya prezident administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşməsi barədə artıq mətbuatda məlumatlar yayılıb. Bu da onu göstərir ki, Rusiya Ermənistanda hələ də Paşinyana qarşı olan qüvvələri dəstəkləməkdə davam edir.

"Nikol Paşinyan vəziyyəti neytrallaşdırmaq, Moskvanı tam şəkildə qıcıqlandırmamaq, eyni zamanda müəyyən məsələlərdə öz xeyrinə yönəltmək üçün bu tipli açıqlamalarla çıxış edir ki, ölkədə sabitlik qorunsun", - deyə ekspert sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31