Azərbaycan - Moldova görüşü: regional enerji təhlükəsizliyi və strateji əlaqələr - ÖZƏL

Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Dövlət başçısı Sandunu parlament seçkilərində qələbə münasibətilə təbrik edib. Sandu isə Əliyevi Ermənistanla sülh gündəliyində əldə olunmuş nəticələrə görə təbrik edib. Görüşdə ikitərəfli münasibətlər, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. 
Azərbaycan-Moldova münasibətlərində enerji əməkdaşlığı hansı yeni imkanlar aça,  bu görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan prezidentinin Moldova prezidenti ilə bu görüşü ilk görüş olmasa da, zaman-zaman bu və ya digər müstəviyə dair görüşlər həyata keçirilib. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan Moldova ilə həm də GUAM təşkilatında uzun müddət əməkdaşlıq edib. Ölkələrimiz arasında kifayət qədər dinamik münasibətlər mövcuddur. Azərbaycan hər zaman Moldovanın ərazi bütövlüyünü dəstəkləyib, separatismə qarşı olub. Eyni zamanda Azərbaycan Moldovada, Moldova xalqının hər zaman seçiminə hörmətlə yanaşıb. Moldovada keçirilən son seçkilər də strateji baxımdan önəm daşıyırdı. Rusiya bu ölkədə mövqelərini gücləndirmək və mövcud hakimiyyəti devirmək üçün özünə yaxın qüvvələrə ciddi dəstək vermişdi. Amma Moldova xalqı hazırki Moldova prezidenti və onun apardığı siyasi kursu dəstəkləyərək Rusiyanın planlarını pozdu. Keçirilən seçkilər münasibətilə Azərbaycan prezidenti Maya Sandunu təbrik edib. Bu görüşdə şübhəsiz ki, Azərbaycan və Moldova arasında münasibətlər müzakirə olunub. İki tərəf arasındakı münasibətlər, xüsusilə də enerji sektoru sahəsində əməkdaşlıq çox vacibdir. Azərbaycan Moldovanın enerji təminatında əsas rolu oynayan ölkələrdən biridir.
Azərbaycan prezidentinin Maya Sandu ilə görüşü iki tərəfli münasibətlərə töhfə verməklə yanaşı, Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün də önəmlidir. Moldova özü də Avropa İttifaqı ilə yaxınlaşmaq üçün artıq ciddi addımlar atıb və Avropa İttifaqı da Moldovanın və oradakı seçimlərə diqqətlə yanaşaraq Moldova xalqının demokratik seçimlərini dəstəkləyib.
Əlbəttə ki, Azərbaycanın Avropa İttifaqı ilə kifayət qədər ciddi əlaqələri var. Avropa ölkələri Azərbaycanda strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Onlrla ölkə Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı rolunu oynayır. Bu baxımdan Maya Sandu ilə görüş müsbət hadisə hesab olunur. Avropa İttifaqı ilə münasibətlərə birbaşa ciddi təsir etməsə də, iki tərəfli münasibətlərin inkişafı baxımından müsbət addımdır". 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31