Azərbaycanın Zəngəzur mövqeyi: Ermənistanın ritorikası və reallıq - ÖZƏL
12:25 SiyasətMinskdə keçirilən MDB Hökumət Başçıları Şurasının iclasına onlayn qatılan Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ticarət dövriyyəsi barədə məlumat verib və daha sonra Azərbaycanın mövqeyinə cavab olaraq "Zəngəzur dəhlizi" ifadəsindən çəkinmək lazımdır" deyib. Bu isə rəsmi İrəvanın son vaxtlar eyni məsələni gündəmə gətirməsi ilə üst-üstə düşür.
Ermənistanın Zəngəzur dəhlizi ifadəsindən bu qədər narahatlıq keçirməsinin əsas səbəbləri nədir? İrəvanın bu ritorikasının regiondakı proseslərə real təsiri ola bilərmi, yoxsa bu sadəcə siyasi bəyanatlardan ibarətdir?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, Ermənistanın Zəngəzur adından qorxması əslində anlaşılan deyil. Şəxsən başa düşməyə çalışıram, amma başa düşə bilmirəm, anlaya bilmirəm. Bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Zəngəzur qədim Azərbaycan ərazisidir. İndiki Ermənistan ərazisi də qədim Azərbaycan ərazisidir. Bu faktdır. İndi Ermənistan bundan narahat olacaq, qorxacaq, çəkinəcək deyə , biz bunu səsləndirməməliyikmi? Mən düşünürəm ki, belə bir şey olmamalıdır.
Biz öz tarixi məsələlərimizi gündəmə gətirməliyik. Cənab Prezident İlham Əliyevin dəfələrlə Zəngəzur dəhlizini vurğulaması tamamilə haqlı mövqedir. Çünki bu ərazinin adı əsrlərlə Zəngəzur olub və həmin dəhlizin adı da təbii olaraq "Zəngəzur dəhlizi"dir. Ermənistan istəsə ona başqa adlar versin - "sülh kəsişməsi", "dostluq körpüsü" və ya başqa bir termin uydursun, amma bu, reallığı dəyişmir. Zəngəzur dəhlizidir və bu reallığı dəyişmir. Azərbaycanın haqlı mövqeyi var. Cənab Prezident haqlıdır, doğru olaraq bu məsələni gündəmə gətirir. Bu məsələ gündəmdən çıxmayacaq, daim gündəmdə olacaqdır. Mən düşünürəm ki, zaman gələcək, o da uzaqda deyil , Ermənistan bu reallıqla barışacaq və bu reallığı qəbul edərək Zəngəzur dəhlizini açacaq, həm də "Zəngəzur dəhlizi" anlayışını qəbul edəcək".
Zeynəb Mustafazadə