Moskva “Trump yolu” razılaşmasını özünün maraqlarına əks layihə kimi görür- ÖZƏL
10:19 Siyasət"Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdan köçən ermənilərin geri qaytarılması məsələsinin gündəmə gətirilməsinin Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə təhlükəli olduğu barədə açıqlaması, Ermənistanda revanşistlər və müxalif qüvvələr üçün bir fürsət kimi Paşinyan əleyhinə yönləndirilib. Əslində isə bu, Paşinyanın siyasi xətti real Ermənistan dövlətçiliyinin qorunub saxlanması üçün atdığı praktik addımdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Söhbət ondan gedir ki, Paşinyan Azərbaycanın "Qərbi Azərbaycan" proqramı və siyasəti üzrə artıq ümumilikdə 500 mindən çox Qərbi azərbaycanlı qaçqının geri qayıtmamasını, hələ şişirdilmiş sayı 100 minə yaxın Qarabağ ermənilərinin isə geriyə Azərbaycana qaytarılması ilə paralel proses kimi mümkün hesab edir. Təbii ki, Paşinyan nisbət etibarilə azərbaycanlıların üç milyonluq Ermənistana geri qayıtmasının dövlətin etnik tərkibinə əhəmiyyətli dərəcədə dəyişiklik gətirəcəyinin fərqindədir. Yəni, Paşinyan ermənilərin Qarabağa qayıtmasının buna görə əleyhinədir. Başqa sözlə, Paşinyan ermənilərin Qarabağa qayıtmaması müqabilində müasir Ermənistanı, onun etnik tərkibini qorumağa çalışır.
Digər tərəfdən, Paşinyan Ermənistanda əhali sayının azalmasının qarşısını almaq üçün Qarabağdan köçən ermənilərin Ermənistanda məskunlaşmasını demoqrafik vəziyyətə müsbət təsir edəcək amil hesab edir. Qaldı ki, Paşinyanın Moskvaya səfərindən sonra "Zəngəzur" ifadəsinin əleyhinə çıxması, Rusiya tərəfindən verilmiş bir göstəriş kimi təqdim edilməməlidir. Əslində, Rusiya özü Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına qədər bütün platformalarda "Zəngəzur dəhlizi" terminindən istifadə edib.
Lakin Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından və Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan sonra, həmçinin Zəngəzur dəhlizinin "Trump yolu" adlandırılması təbii ki, dəhlizə nəzarətdən uzaqlaşdırılan Rusiyanın maraqlarına uyğun gələ bilməz. Buna görə də Rusiyanın heç bir halda "Zəngəzur dəhlizi" terminindən geri çəkilməsi mümkün deyil.
Çox güman ki, Ermənistan Baş naziri Paşinyana Rusiyaya səfəri zamanı Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinun paraflanması və "Zəngəzur dəhlizi" yəni "Tramp yolu" ilə bağlı güclü təzyiqlər edilib və Paşinyan Rusiyanın istəyinin tam əksinə, "Zəngəzur dəhlizi" terminindən imtina etməyi qabartmaqla ABŞ-ı "Trump yolu" ilə Rusiyaya qarşı çıxarır. Şübhəsiz ki, rəsmi Moskva "Trump yolu" razılaşmasını özünün maraqlarına əks layihə görür. Bu da Rusiyanın "Zəngəzur dəhlizi" termini ilə Ermənistan arasında fikir ayrılığının təsdiqidir.
Xüsusilə bu günlərdə Ermənistanda "Trump yolu"nun fəaliyyətinin detalları ilə bağlı ABŞ-dan nümayəndə heyəti ilə müzakirələrin aparılması fonunda Paşinyanın Rusiya səfərindən sonra "Zəngəzur dəhlizi" termininə qarşı çıxmasının Rusiya ilə əlaqələndirilməsi sadəlövhlükdür".