Orta Şərqdə gərginlik zirvədə: İsrailin oktyabr zərbəsi Tehrana yönələcək? – ÖZƏL

Orta Şərqdə növbəti genişmiqyaslı müharibə təhlükəsi güclənir. İsrailin oktyabrın 7-də İrana qarşı hava zərbəsi endirəcəyi barədə iddialar siyasi və hərbi dairələrdə narahatlıq yaradıb. Bu tarixin xüsusi əhəmiyyəti var: o, HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümünə təsadüf edir. Tel-Əviv bu gedişlə, hədəfin arxasında məhz İranın durduğunu bütün dünyaya göstərmək niyyətindədir.
Vəziyyətin ciddiliyini göstərən daha bir amil, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun BMT kürsüsündə bu hücum təhlükəsi barədə açıq xəbərdarlıq etməsidir.
Lakin Tehran da bu təhdid qarşısında geri çəkilmir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani qəti cavab veriləcəyini bəyan edərək, hücuma tam hazır olduqlarını bildirib.
Hazırda ABŞ Prezidenti Trampın genişmiqyaslı əməliyyat üçün hələlik "yaşıl işıq" yandırmadığı iddia olunsa da, regionda hər iki tərəf növbəti ciddi və dağıdıcı qarşıdurmaya hazır vəziyyətdədir. Bu, Qlobal siyasətdə ABŞ-İsrail-İran münasibətlərinin yeni, təhlükəli mərhələsinin başlanğıcı ola bilər.

"Əgər İsrail ikinci dəfə İrana hərbi hücum edəcəksə, bu artıq göstərir ki, İran daxilində müəyyən hədəflər dəqiqləşdirilib. Yəni, konkret hədəflər müəyyən olunub və mən bunun sadəcə simvolik xarakter daşıyacağını düşünmürəm".

Bu sözləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, İsrailin İranla ikinci mərhələdə qarşılaşacağı əvvəlcədən gözlənilən idi. Hətta 12 günlük müharibə zamanı belə aydın görünürdü ki, yaxın gələcəkdə İsrail və İran arasında yenidən qarşıdurma mümkündür. Hazırlıqların intensivləşməsi də onu göstərir ki, İrana qarşı hücum qaçılmaz ola bilər. Bu simvolik bir addım deyil. 

"Azərbaycana mümkün risklərə gəldikdə isə, əgər müharibə uzunmüddətli xarakter alarsa, hava hücumları nəticəsində İrandan ölkəmizə qaçqın axını yarana bilər. Bu isə ciddi sosial və təhlükəsizlik problemlərinə səbəb ola bilər. Bundan əlavə, ekoloji fəsadlar da istisna deyil", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, bütün hallarda ümid edək ki, bu qarşıdurma baş verməyəcək. Çünki belə bir müharibənin nəticəsi bölgə üçün heç də müsbət olmayacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31