Rusiya Cənubi Qafqazda sülhü istəyir, yoxsa öz maraqlarını qoruyur? - ÖZƏL

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli KİV-ə müsahibəsində deyib ki, Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsidir. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirlər. Rusiya Ermənistanla "Tramp yolu" və ya Zəngəzur dəhlizi layihəsini, tranzit rejimi və təhlükəsizlik detalları razılaşdırıldıqdan sonra qiymətləndirəcək.

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Bu açıqlamadan biz görə bilirik ki, Kopırkinin açıqlamasından açıq-aşkar görünür: səfir Rusiyanın Cənubi Qafqazdan çıxmayacağını və bunun üçün lazım olarsa hər cür vasitədən istifadə edəcəklərinin mesajını verib.
Yəni, Ermənistanla sərhəd məsələsinin, sərhədin mühafizəsi məsələsinin 2044-cü ilə qədər davam etməsini xatırlatmaqla, eyni zamanda bütün bu strateji yolların açılması zamanı Rusiya sərhədçilərinin də orada iştirakına vurğu edir. Bu o deməkdir ki, Rusiya proseslərə müdaxilə edəcək və heç bir halda öz maraqlarından geri çəkilməyəcək.
 Əgər Cənubi Qafqazda sülhü bərpa etmək istəyiriksə və bu regiondan keçməklə dünyanın qlobal ticarət axınını formalaşdıracaq layihələri reallaşdırmaq istəyiriksə, o halda birinci növbədə Rusiya təhlükəsini müəyyən mənada aradan qaldırmalıyıq. Əgər bu mümkün deyilsə, ən azından sərhədləməliyik. Çünki bu Cənubi Qafqazdan keçən tranzit yollar iki tərəfdən də kimin tranzit potensialına zərbədir? Rusiya və İranın. Çünki bu region alternativ yol vəd edir. Bu isə Avropanın və Çin bazarlarının Rusiya və İrandan asılılığını gündəmdən çıxardır. Buna görə də, indi Rusiya diplomatik dillə desə ki, biz bu Cənubi Qafqazın təhlükəsizliyini istəyirik, biz bu regionda müharibə istəmirik və s. kimi bəyanatlar versə də, əslində onların maraqları bu Cənubi Qafqazda heç də sülhdən yana deyil.
Bəli, onlar bu regionda sülh istəyirlər, amma sərhəddə Azərbaycan, Ermənistan və Gürcüstan tərəfi Rusiyanın vədlərinə boyun əyib, baş verəcəkləri onların istədiyi şərtlərlə baş verməlidir. Təbii ki, başda Azərbaycan tərəfi olmaqla, indiki reallıqda bu Cənubi Qafqaz ölkələri buna tabe olmurlar və Rusiyanın niyyətlərinə qarşı gəlirlər, tamamilə müstəqil, suveren dövlətçilik baxımından hərəkət edirlər. Ona görə də indi Rusiyanın fəaliyyəti bu Cənubi Qafqazda sülhü bərpa etmək yox, atılan addımları zədələməkdən ibarətdir. 
Rusiya Cənubi Qafqazda sabitliyi təmin etmək məsələsində hansı strateji üstünlüklərə malikdir və bunu edə bilərmi? Yaxşı və ya pis mənada, artıq Rusiya Cənubi Qafqazda əvvəlki kimi strateji üstünlüyə malik deyil. Rusiya Cənubi Qafqaz xalqlarına uduzdu, çünki Rusiya burada hökumranlıq etdiyi 200-300 il ərzində bu xalqlara həmişə bədbəxtlik gətirib. Sadəcə, təkcə ermənilərə müəyyən mənada bəzi ərazilər verilib. Azərbaycan torpaqları ermənilərə hədiyyə olunub. Amma bundan başqa, ermənilərə fayda verilməsi və ya xalqın xəstə təfəkkürə sahib olması məsələsində də Kremlin əli var.
Ona görə də Rusiya Cənubi Qafqazın siyasi həyatında qalmaq və iştirak etmək istəyirsə, strateji məsələlərdə neytrallığını qoruyaraq və Azərbaycanın təklif etdiyi tərəfdaşlıq modeli ilə hərəkət etməli idi ki, burada qala bilsin.
Tramp yolu məsələsinə gəldikdə, bu yol regionun siyasi balansına necə təsir göstərə bilər? Bu yolun açılması riskli məqamlar doğurur. Çünki həm Putin, həm də İran lideri Xamenei avtoritar və diktator təfəkkürə sahibdirlər və onlar üçün öz adları digər hər kəsin adından üstündür.
İndi belə strateji layihələrdə, önəmli bir zamanda, layihənin Ermənistandan keçən hissəsinə gəlib, bir Amerika prezidentinin adının verilməsini onlar şəxsən qəbul edə bilməzlər. Bu bir məna daşıyır. Onlar bu yolun işlənməsi zamanı alternativ layihələr irəli sürə və ya öz alternativlərini qəbul etdirməyə çalışa bilərlər. Bu da yolun işləkliyi və effektivliyini ciddi sual altına qoya bilər.
Eyni zamanda Rusiya səfiri özü deyir ki, Rusiya sərhədlərinin iştirakı mütləqdir. Bu da nəzərdə tutulur. Amerikanın razılığı, Rusiyanın və ya İranın razılığı məsələsi var.
Zidiyyətli məsələlər mövcuddur, amma əgər Tramp yolu layihəsi bugünkü reallığa uyğun həyata keçirilirsə, bu regionda ciddi dəyişikliklərin siqnalı olacaq. Bu, İranın və Rusiyanın mövqelərinin zəifləməsi və hətta tarixin hər mərhələsində istifadə etdikləri erməni vassalizmini itirməsi anlamına gələ bilər. Müəyyən zaman sonra bu, Ermənistanın bütün sahələrdə Rusiyanın təsirindən çıxması ilə nəticələnə bilər. O səbəbdən indi gözləmək və tarixin axışını izləmək lazımdır. Hər an hər şey dəyişə bilər, status quo Trump yolu adlandırılması ilə yadımızda qalır, sabah bu reallıq dəyişə bilər, dəyişməyə də bilər, elə davam edə bilər. Tərəflərin atacağı addımlar və qərarlar bütün sualların cavabını verəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31