“Qraparak”: Əliyevin açıqlamaları Ermənistanda hakim partiyada narazılıq yaradıb – ÖZƏL

Ermənistan mətbuatı yazır ki, Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi" və Ermənistanın kapitulyasiyası barədə son açıqlamaları hakim "Vətəndaş müqaviləsi" partiyasında narazılıq doğurub. 

Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.

Mənbənin yazdığına görə, partiya elitası narazılığını belə ifadə edib: "Belə bəyanatlardan sonra xalqı necə inandıraq ki, sülh əldə olunub və bizi seçsinlər? Necə sübut edək ki, Vaşinqton sazişi ilə sülh gətirmişik?" Onlara izah olunub ki, Əliyev bu bəyanatları yalnız daxili auditoriya üçün verir. Lakin buna baxmayaraq, partiya daxilində müzakirələr dayanmayıb.(?)

Məlumatda qeyd olunur ki, "Vətəndaş müqaviləsi" daxilində müxtəlif versiyalar səsləndirilir. Bəzi üzvlər hesab edir ki, əslində Ermənistan və Azərbaycan arasında başqa sənəd imzalanıb, sadəcə Əliyev Paşinyana onun sülh sazişi kimi təqdim olunmasına şərait yaradıb ki, seçkilərə bu əsasla getsin. Məqalədə vurğulanır ki, Əliyev "Vətəndaş müqaviləsi"nin yenidən hakimiyyətə gəlməsini Paşinyanın özündən daha çox istəyir, çünki planlarını bunun ardınca reallaşdırmaq niyyətindədir.

Qəzet yazır ki, partiya üzvləri Əliyevin sərt açıqlamalarının Paşinyanın reytinqinə zərər vurduğunu da müzakirə ediblər. Onların qənaətincə, Əliyev bununla da təzyiq göstərərək daha çox güzəşt əldə etməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31