Netanyahunun üzrü İsrail koalisiyasını dağıdır

Ağ Evin məlumatına görə, sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Benyamin Netanyahu və Qətər lideri arasında üçtərəfli telefon danışığı baş tutub. Danışıq zamanı Netanyahu Dohada İsrailin həyata keçirdiyi hücuma görə üzr istəyib.

Ağ Ev bildirib ki, Netanyahu həmçinin İsrailin Qətərin suverenliyini pozmasına görə təəssüfünü ifadə edib və "İsrailin gələcəkdə belə bir hücuma yol verməyəcəyini təsdiqləyib".

Ağ Evin açıqlamasında vurğulanıb:

"Liderlər Qəzzada müharibəyə son qoymaq üçün irəli sürülən təklif, Yaxın Şərqdə daha təhlükəsiz gələcək perspektivləri və ölkələri arasında daha böyük anlaşma zərurəti barədə müzakirə aparıblar".

Bəs Netanyahu niyə məhz indi üzr istəməli oldu? Bu üçtərəfli telefon danışığının regionun gələcək diplomatik proseslərinə hansı təsirləri ola bilər?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, İsrailin bir müddət əvvəl Qətərə hücumu Netanyahu hökumətinin strateji səhvi idi və bu səhv mütləq düzəldilməliydi:

"Bilirsiniz ki, ötən yay aylarında ABŞ prezidenti Donald Tramp üç ərəb ölkəsinə ziyarət etmiş və onlardan üst-üstə 3 trilyondan çox "xərac" almışdı. Ən çox "xərac" ödəyən ölkələrdən biri də Qətər idi. Rəsmi Doha ona 1.2 trilyon dollarlıq investisiya yatırmağı vəd etmişdi. Bunun qarşılığında isə istədiyi yeganə şey ölkəsinin təhlükəsizliyinin ABŞ çətiri altına alınmasıydı. İsrail Qətərə hücum etməklə faktiki ABŞ-ın təhlükəsizlik çətirini mənasızlaşdırırdı və bu da Qətərdən çox Amerika maraqlarına zərbə endirmək anlamına gəlirdi.

Üstəlik, ABŞ-ın Yaxın Şərq ölkələri üzərində yaratdığı təhlükəsizlik çətiri onun yeni dünya düzənindəki yerini də möhkəmləndirmək məqsədi daşıyırdı. İsrailin aqressiyasından təngə gələn ərəb ölkələri ABŞ-dan bu dəstəyi ala bilməsəydilər, istər-istəməz Çinə yönələ bilərdilər. Bu isə ABŞ üçün bərpaolunmaz itki sayılardı. Məhz bu səbəbdən də Tramp ABŞ üçün yaranmış təhlükənin qarşısını almaq üçün ciddi addımlar atmağa, Netanyahu hökumətini cəzalandırmağa məhkum idi. Görünür, o, cəzalandırmağın ən qısa yolunu İsrail baş nazirini Qətər liderinə zəng etdirib üzr istətməkdə gördü".

Siyasi şərhçinin fikrincə, Netanyahu bu üzrün bədəlini çox ağır ödəyəcək:

"Onsuz da 2 ilə yaxındır Qəzzada ciddi nəticə əldə edə bilməyən Netanyahu İsrail xalqı arasında ciddi nüfuz itkisi yaşayıb. Onun 5 partiyalı koalisiyası artıq dağılmağa başlayıb. Koalisiyanın 2 qurucu partiyası hakimiyyətdəki postlarından imtina edib. 120 deputatlıq İsrail parlamentində hökuməti dəstəkləyənlərin sayı 50-yə düşüb. Hökuməti qurmaq və hakimiyyəti davam etdirmək üçün isə 61 səsə ehtiyac var. Bəzi ehtimallara görə, İsrail parlamenti payız mövsümündə işə başlayanda - yəni oktyabr ayının 27-də hökumətin qalıb-qalmamasına qərar verəcək. Belə bir kritik zamanda Netanyahunun bir də Qətərdən üzr istəməsi nəinki müxalifət arasında, hətta özünün koalisiyasında ciddi narazılığa yol açdı. Radikal sionistlərdən təşəkkül tapan koalisiya üzvləri açıq şəkildə Netanyahunun bu hərəkətinə etiraz edir və onu "öz səhvini düzəltməsə", hakimiyyətdən çəkilməklə hədələyirlər.

Məncə, oktyabrın sonlarından yeni parlament seçkilərinin keçiriləcəyi gələn ilə qədər biz Təl-Əvivdə ciddi proseslərin şahidi olacağıq. Böyük ehtimalla, Netanyahunun siyasi ömrünü sonlandırması belə mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31