Azərbaycan İtaliya münasibətləri bəzi Avropa dövlətləri üçün nümunədir- ÖZƏL

"Azərbaycan və İtaliya arasında münasibətlər bəzi Avropa dövlətləri üçün nümunədir. Ölkələrimiz strateji tərəfdaşlardır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Cənab Prezidentimiz İlham Əliyevin və Prezident Sercio Mattarellanın mətbuata bəyanatlarında söylədikləri fikirlər qarşılıqlı münasibətlərin səviyyəsindən xəbər verir. Ölkələrimizin arasında ilk strateji tərəfdaşlıq sənədi 2015, ikincisi isə 2020-ci ildə imzalanıb. İtaliya Azərbaycanın xarici ticarətində birinci yeri tutur. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin ümumi həcmi təxminən 8 milyard dollar təşkil edib. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib rol oynayır. Azərbaycan neftinin İtaliyanın neft balansında birinci yerdə, qazının isə ikinci yerdə olması güclü tərəfdaşlığı, inam və etibarlılığı göstərir. 
     Əməkdaşlığın istiqamətlərindən biri təhsildir. İtaliya-Azərbaycan Universitetinin qurulması münasibətlərin gələcəyinin təminatlarından biri olmaqla, universitetlər arasında əməkdaşlığa, tədqiqatlara kömək edəcəkdir. Tələbələr arasında dostluq ictimaiyyətin əlaqələrinə də təsir göstərəcəkdir. Mədəniyyət sahəsində də əməkdaşlıq genişlənəcəkdir. 
    Prezident Sercio Mattarellanın dediyi aşağıdakı sözlər Azərbaycanın dünyadakı mühüm rolundan xəbər verir: "İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir". Bəli! Etibarlı tərəfdaş, dost, sözü və imzası eyni qüvvədə olan Azərbaycanla əməkdaşlıq edən dövlətlər yalnız fərəh hissi keçirə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31