BMT-də Prezidentin çıxışı: 51-ci maddənin tətbiqi və sülh müqaviləsinin zəruriliyi – ÖZƏL
15:05 Siyasət"BMT Baş Məclisinin 80-ci sessiyasında Azərbaycan Prezidentinin çıxışında bir sıra vacib məqamlar yer alıb. Prezident çıxışında Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə və BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edib. O qeyd edib ki, bu qətnamələr və 51-ci maddə BMT-dən dörd qətnamənin icrasını və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını tələb edirdi, lakin həmin müddətdə bu icra həyata keçirilmədi. Prezidentə görə, 51-ci maddə əsasında Azərbaycan öz işğal olunmuş ərazilərini azad etmək hüququna malik idi və bu hüququ reallaşdırdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu addımın 30 illik müddətdən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və dövlətin güclənməsinin göstəricisi olduğunu vurğulayan Prezident həmçinin beynəlxalq hüquqa sadiqliyi xüsusi vurğulayıb. O bildirib ki, addım atılarkən Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qaldı, eyni zamanda kifayət qədər gücə malik oldu ki, işğalın aradan qaldırılmasına nail olsun.
Siyasi şərhçi əlavə edib ki, Prezident çıxışında gələcək sülh müqaviləsinin önəmini də qeyd edib. Onun sözlərinə görə, qarşı tərəf artıq başa düşür ki, torpaqları yenidən işğal etmək cəhdləri ağır nəticələr doğura bilər və buna görə sülh müqaviləsinin imzalanmasının vacibliyini dərk edir. Nəticə etibarilə, sülh müqaviləsinin mümkün qədər tez imzalanması tərəflərin təhlükəsizliyinin təminatına kömək edəcək.
Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə paylaşılmasının əhəmiyyətinə toxunan Prezident bildirib ki, bu təcrübə beynəlxalq hüquq prinsiplərinə əsaslanır və bəzi hallarda təcavüzkarı sülhə məcbur etmə praktikası kimi çıxış edir. O əlavə edib ki, Dünya Birliyində Rusiya-Ukrayna münaqişəsi və digər regional münaqişələr fonunda bu cür praktikalar və təcrübələr diqqətəlayiqdir.
"Nəticə olaraq, Prezident vurğulayıb ki, uzun müddət davam edən münaqişələr bölgədə sabitliyi, rifahı və inkişafı məhdudlaşdırır və Azərbaycanın təcrübəsi yarımçıq münaqişələrin həllində faydalı ola bilər", - deyə ekspert bildirib.
Sevda Dəniz