Azərbaycanın dövlət müstəqilliyi xalq və ordunun sıx birliyinə söykənir- ÖZƏL

"Azərbaycanın dövlət müstəqilliyi hər şeydən əvvəl xalq və ordunun sıx birliyinə söykənir. Tarixən milli azadlıq mübarizəsinin hər bir mərhələsində xalqla yanaşı qəhrəman döyüşçülər, əsgər və zabitlər ön sıralarda olmuş, canları və qanları bahasına suverenliyin qorunmasına nail olmuşlar. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs müstəqil dövlətimizin keçdiyi şərəfli yolun, milli iradə və suverenlik uğrunda aparılan mübarizənin rəmzi ifadəsinə çevrilib. Həmin qərar bir tərəfdən 1995-ci ildə qəbul olunmuş müasir Konstitusiyanın əhəmiyyətini, digər tərəfdən isə 2023-cü ildə dövlət suverenliyinin tam bərpa olunmasının tarixi nəticəsini nümayiş etdirir. Konstitusiya dövlətimizin hüquqi təməlini, xalqın iradəsini, insan hüquq və azadlıqlarını təmin edir, suverenlik isə bu prinsiplərin reallaşdırılmasında mühüm rol oynayır.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində keçiriləcək tədbirlər dövlətin siyasi-hüquqi əsaslarının, milli-mənəvi dəyərlərin təbliği ilə yanaşı, müstəqilliyimizin sarsılmazlığını bir daha sübut edir. Bu amillər həm də beynəlxalq müstəvidə ölkəmizin mövqelərinin gücləndirilməsi, milli maraqların müdafiəsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından strateji əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31