Ali Baş Komandan tarixi ədaləti bərpa etdi- ÖZƏL
10:16 Siyasət"Azərbaycan xalqı artıq ikinci ildir ki, 20 sentyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Gününü qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün uzun illərin həsrətinə son qoyan böyük Zəfərin, ərazi bütövlüyümüzün tam bərpasının rəmzidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Bu əlamətdar günün təsis edilməsi təkcə qələbənin rəsmiləşdirilməsi deyil, həm də 30 il ərzində aparılan mübarizənin, minlərlə igid Vətən övladının canı və qanı bahasına qazanılan müqəddəs bir uğurun simvoludur. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması, terrorçu dəstələrin ləğv olunaraq bölgədən birdəfəlik çıxarılması ilə Azərbaycan dövlətinin suverenliyi bərpa edildi.
2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu an xalqımızın yaddaşına qürur və fəxarət dolu bir səhifə kimi yazıldı. Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədlərin gerçəkləşməsi, Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün qorunması dövlət başçımızın sarsılmaz iradəsinin və xalqın birliyinin təntənəsi oldu.
Həmin gündən sonra bölgədə həyatın bərpası, şəhərlərin və kəndlərin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrə start verildi. Qarabağ Universitetinin yaradılması, yolların, məktəblərin, xəstəxanaların, sosial infrastrukturun inşası bu torpaqlara yeni nəfəs gətirdi. Azad olunmuş şəhərlərdə yeni yaşayış kompleksləri, müasir tibb müəssisələri, mədəniyyət və idman ocaqları açılır, Qarabağ iqtisadi rayonunun sürətli inkişafı təmin edilir.
Qazanılan Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin təntənəsidir. 2023-cü ilin noyabrında Xankəndidə keçirilən hərbi parad, dekabr ayında "Qarabağ" futbol komandasının 30 ildən sonra bölgədə oynadığı ilk rəsmi oyun, Xocalı və Hadrutda bərpa olunan həyat bu Zəfərin bariz nümunələridir. Bütün bu tədbirlər həm də dünyaya bir daha göstərdi ki, Azərbaycan bu torpaqların yeganə sahibidir və burada yalnız üçrəngli bayrağımız dalğalanacaq".