Müharibə uzandıqca Rusiyanın Çindən asılılığı daha da artır- ÖZƏL
09:53 Siyasət"Çin beynəlxalq nizamı yenidən formalaşdırmaq istəyən bir gücdür. Onun diplomatik, iqtisadi, hərbi manevrləri və texnoloji gücü bu niyyəti reallaşdırmaq əzmindədir. Hesab edirəm ki, hazırkı situasiyada Ukrayna danışıqlarında yaranan düyün, Trampın təşəbbüslərinin böyük ölçüdə nəticəsiz qalması prinsip etibarilə Pekinin münaqişə ətrafındakı qlobal maraqları ilə əlaqəlidir. Pekin müharibənin uzanmasında maraqlıdır. Çünki münaqişə uzandıqca Rusiyanın Çindən asılılığı hər gün daha da artır və artıq Moskva demək olar ki, bütün sferalarda Çindən aslı vəziyyətə düşüb". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "Son ŞƏT sammitindən sonra Kremlin NATO-nun nəbzini yoxlaması təsadüfi deyil. Təbii ki, daha geniş spektrdə Çin, Rusiya, İran, Şimali Koreya dördlüyü alyansın alternativsiz blok olmasından narazıdır və gedişatı dəyişmək istəyirlər. Lakin bu birlikdəliyin içində sağlam mövqeyə malik yeganə dövlət məhz Çindir. İran hal- hazırda həmişə olduğundan daha zəifdir və Qərbə qarşı heç bir kəskin ritorika sərgiləyəcək vəziyyətdə deyil. Eynilə Rusiya da təqribən eyni prosesləri yaşayır. KXDR - isə beynəlxalq arenada ciddi çəkiyə malik ölkə olmadığından onun addımları o qədər də ciddiyə alınmır. Ancaq Pekin tamamilə fərqli imiclə təmsil olunur və bunu son parad zamanı əyani şəkildə nümayiş etdirdi.
Çin müharibə səbəbindən Rusiyanı əsrlərdir ayaqda saxlayan dəyəri ələ keçirir. Bu onların təbii sərvətləridir. Və bu situasiya Kreml üçün NATO - dan da, ABŞ - dan da daha təhlükəlidir. Çinin dövlət ağlı Rusiyanı tədricən ələ keçirir. Moskva və Pekinin müttəfiqlik görüntüsü isə tamamilə situativ bir məsələdir. Bu iki qüvvə real zəmində heç vaxt müttəfiq ola bilməzlər. İndi Çinə ABŞ-la mübarizədə Rusiyanı yanında saxlamaq lazımdır. Çin eynilə Birləşmiş Ştatların illər əvvəl etdiyini edir. Rəqiblərinin mübarizəsindən maksimum yararlanır".
ALİM HÜSEYNLİ