Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab etmək olar
14:01 Siyasət"Vaşinqton Birgə bəyanatında Prezident Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Bu mənada Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etmək olar. Vaşinqtonda paraflanmış Sülh Sazişində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Saziş eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir. Vaşinqton razılaşmaları Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyinin, strateji baxışının və diplomatik məharətinin qlobal miqyasda təqdir edilməsidir".