Ermənistan Konstitusiyasına dəyişiklik barədə öhdəlik götürərsə, sülh sazişini imzalaya bilərik-Deputat
13:53 Siyasət"Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur". "Olaylar" xəbər verir ki, bunu parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib: "Tramp yolu" adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın prinsipial mövqe ortaya qoyacağına ümid edir. "Tramp yolu" istisnasız olaraq bütün region ölkələrinin inkişafına töhfəsini verəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində suverenliyin bərpasından sonra sülhə və sabitliyə doğru atılmış ən əhəmiyyətli addımdır. ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşma başqa ölkələrə qarşı deyil. Yekun sülh sazişinin Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu, daha ədalətli olar. Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan Konstitusiyasına dəyişiklik barədə öhdəlik götürərsə, sülh sazişini imzalaya bilərik. Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılmasına, ölkəmizə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatından daha faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzvlüyə çalışmalıyıq. Rusiyada yaşayan vətəndaşlarımızın heç olmasa quru sərhədi ilə ölkəmizə keçidinə icazə verməliyik".