Komitə sədri sülh üçün birgə parlament komissiyasının yaradılmasını təklif edib
12:58 Siyasət"Azərbaycanın əldə etdiyi Qələbə olmasaydı, 8 avqust Vaşinqton Zirvəsi də reallaşmazdı.Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, O, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı. 90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda keçirilən xüsusi iclası zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri çıxışında xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin sülh diplomatiyası nəticəsində Ermənistanla düşmənçilik səhifəsi bağlanıb və indi qarşıda xalqlar arasında barış mühitinin yaradılması dayanır. Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılması olacaq: "Etimad mühitini möhkəmləndirmək, xalqları barışa hazırlamaq və sülh müqaviləsinin uzunmüddətli nəticələrini təmin etmək üçün parlamentlər səviyyəsində əməkdaşlıq yeni mərhələ açacaq. Birgə komissiyanın yaradılması isə dövlətlərarası münasibətlərin davamlılığını təmin edəcək".