Bu Saziş Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün üfüqlər açır- Spiker

"Dövlət başçısının Vaşinqton səfərini ikitərəfli münasibətlər kontekstində qiymətləndirsək, bu səfər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olundu. Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi, həmçinin Prezident Trampın 907 saylı düzəlişin icrasını dayandıran sənədi imzalamasında öz ifadəsini tapdı. Burada Prezident Trampın Cənubi Qafqaz reallıqlarını obyektiv qiymətləndirən, sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib: "Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu. 
Dövlət başçısı əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. O həm də məlum prinsiplər əsasında sülh gündəliyini müəyyən edərək, bu gündəliyin həyata keçirilməsini təmin etdi. 
Ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi. Bizlər bütün bu proseslərin canlı şahidiyik.
Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamənin imzalanması, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir. Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31