Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaq- ÖZƏL
9 Sentyabr 12:24 Siyasət"Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam da ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Bildiyiniz kimi, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk Qrupu ləğv olundu.
İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaqdır.
Azərbaycanın və Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olan, daha geniş regionda proseslərə istiqamət verən Vaşinqton razılaşmaları uzaqgörən siyasətin çətinlikləri qələbələrə çevirməyə qadir olduğunu parlaq surətdə təsdiq edir. Bu gün xalqımızın arzu və istəkləri reallığa çevrilir, regionumuzda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılır. Bütün bunlar isə möhtərəm cənab Prezident İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir".