“Zaman itirmədən böyük islahatlara başlamağı təklif edirəm”-Qüdrət Həsənquliyev

"Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2025-ci il tarixində ABŞ-yə səfəri və Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisədir". "Olaylar" xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilən növbədənkənar sessiyasına çıxışı zamanı deyib.  
Millət vəkili bildirib ki, bu Bəyannamə ilə Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq  öhdəlik götürməsi, ABŞ-nin  yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur: "Vaşinqton Bəyannaməsi mahiyyət etibarı ilə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında  imzalanmış ilkin sülh sazişidir. Azərbaycan Respublikası Konstitusiyasına görə bütün dövlətlərarası müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıdır. Konstitusiyaya görə Milli Məclis həm də sülh sazişinin imzalanmasına öz razılığını verməlidir. Ona görə təklif edirəm ki, hər iki məsələyə baxılması  parlamentin payız sesiyasının iş planına daxil edilsin. ABŞ-nin öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə dair yaxın tarixdə çoxsaylı nümunələrin olmasına, Əfqanıstanda və Ukraynada baş verənlərdən sonra onun  etibarsız tərəfdaş imicinin güclənməsinə  baxmayaraq, ümid edirəm ki, Tramp yolu adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ prinsipial və qətiyyətli mövqe ortaya qoyacaq. Tramp  yolunun açılması  Azərbaycanın inkişafına, beynəlxalq yük daşımalarında  xərclərinin azalmasına, insanlarımızın rifahının yaxşılaşmasına  öz töhfəsini verəcək. Azərbaycanın inkişafını, güclənməsini istəməyən bəzi türk düşmənlərinin qəzəb və təxribatlarına baxmayaraq, Tramp yolu  istisnasız olaraq bütün region  ölkələrinin iqtisadiyyatının inkişafına kömək edəcək. Region dövlətlərinin  dəhlizlərlə, müxtəlif nəqliyyat və energetika xətləri, neft və qaz kəmərləri, iqtisadi və humanitar əməkdaşlıgın genişləndirilməsi ilə bir-birinə bağlanması bölgəmizdə təhlükəsizliyə, inkişafa və sülhə xidmət edəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunmasından sonra sülhə və inkişafa xidmət edəcək ən böyük tarixi nailiyyətimizdir. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bölgəyə sülhü erməni işğalçılarını ölkəmizdən qovmaqla o gətirib. Erməni xalqını da başqalarının əlində alət olmaq əzabından da o qurtarır".
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, ABŞ-nin  vasitəçiliyi ilə  Ermənistanla əldə olunmuş razılaşmanın başqa ölkələrə qarşı olmadığı   hər kəsə gün kimi aydındır: "Bəyanatın yaxın qonşularımız Rusiya və İrandakı mütərəqqi qüvvələri də qane etdiyini düşünürəm. Hesab edirəm yekun sülh sazişinin 44 günlük savaşdan sonra sülhməramlı olaraq sülh prosesində aktiv iştirak etmiş Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu həm ədalətli olar, həm də qonşularla əlaqələrimizin güclənməsinə xidmət edər, sülhü daha davamlı və etibarlı edərdi".
Millət vəkili həmçinin əlavə edib: "Əldə edilmiş uğurları qoruyub saxlamaq, iqtisadiyyata xarici investisiyaları cəlb etmək, ölkəmizə xarici təsirləri azaltmaq məqsədilə Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan imzalanacaq yekun sülh sazişində gələcəkdə konstitusiyasına dəyişiklik edəcəyi öhdəliyini götürərsə, çevik olub ən azı daha iki il gözləmədən sülh sazişini imzalamalı, qardaş Türkiyə ilə birlikdə Ermənistanla kommunikasiya xətlərinin açılması istiqamətində işləri sürətləndirməliyik. Ölkəmizin təhlükəsizliyi güclü müttəfiqlərimizlə yanaşı yüksək döyüş qabiliyyətli Silahlı Qüvvələrimizə bağlıdır. Bunun üçün güclü iqtisadiyyata sahib olmalıyıq. ABŞ və Çinlə isti münasibətlərdən istifadə edib ölkəyə investisiya cəlb etməli, Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılması üçün daha çox çalışmalı, ölkəmizə BRİCS və ŞƏT-dən  daha  çox faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq.
Rusiyada daha çox köməksiz və çarəsiz qalmaları səbəbindən Ukrayna ilə müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb, onların həyatlarını xilas etmələri üçün  Rusiya ilə quru sərhəddən vətəndaşlarımızın heç olmasa  ölkəyə girişinə icazə verməli, bunun yarada  biləcəyi hansısa  təhlükələrdən qorxmamalıyıq. Təhlükələri önləmək gücündə olan dövlət orqanlarımız var.
Düşünürəm, Allahın hər zaman kömək olduğu  Prezident İlham Əliyevin şansı var ki, tariximizdə yalnız torpaqlarımızı işğaldan azad edən bir lider  kimi qalmasın, həm də xalqımızın qarşısında dayanan daha  çətin  bir vəzifəni yerinə yetirsin. 3-cü dünya ölkəsi sayılan Sinqapurada iqtisadi möcüzə yaratmış, buna görə beynəlxalq birliyin rəğbətini qazanmış baş nazir Li Kuan kimi, o da Azərbaycanın tam olaraq azad bazar iqtisadiyyatına keçidini təmin etməklə  iqtisadiyyatda Azərbaycan möcüzəsini yaratsın.
Bunun üçün  böyük potensial, əlverişli şərtlər mövcuddur. Zaman itirmədən böyük islahatlara başlamağı, amnistiya aktı qəbul etməyi, 2026-cı ili ölkəmizdə barış, sülh və  islahatlar ili adlandırmağı təklif edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31