Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş: “Müharibə yox, sülh əsasdır” – ŞƏRH – ÖZƏL
16:56 SiyasətTürkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni mərhələyə qədəm qoyulur. Gələn həftənin əvvəlində ilk dəfə nümayəndə heyətləri səviyyəsində görüş keçiriləcək. Türkiyə heyətinə xüsusi nümayəndə Sərdar Kılıç rəhbərlik edəcək və nümayəndələr Ermənistan ərazisinə "Alıcan" sərhəd-keçid məntəqəsindən daxil olacaqlar. Görüşdə tərəflərin əsas müzakirə mövzusu normallaşma prosesinin dərinləşdirilməsi və indiyədək əldə olunmuş razılaşmaların icrası olacaq.
"Bugün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər açıq və düzgün şəkildə inkişaf edir. Ermənistanla Türkiyə arasındakı münasibətlərə gəlincə, məlumdur ki, Türkiyə bir neçə dəfə bəyan edib: əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırarsa, o zaman Ankara da sərhəd, iqtisadi, siyasi və diplomatik sahələrdə İrəvanla münasibətləri bərpa etməyə hazırdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün keçiriləcək mümkün görüşlərin isə radikal dəyişiklik yaradacağını düşünmürəm. Çünki Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələr əvvəllər də mövcud olub. Sərhəd-keçid məntəqələrində insanların gediş-gəlişi, müəyyən mal mübadiləsi daim olub. Sadəcə, siyasi və diplomatik münasibətlər tam şəkildə qurulmayıb.
"Son vaxtlar, o cümlədən Amerikada keçirilən tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Nikol Paşinyanın görüşməsi, həmçinin üçtərəfli formatda müəyyən təmasların olması bu istiqamətdə atılan addımlar kimi qiymətləndirilə bilər. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması üçün Ankaranın ciddi səyləri görünür. Türkiyə sülh müqaviləsinin imzalanması və bölgədə sabitliyin təmin olunması üçün danışıqlara çox vaxt və enerji sərf edir. Buna baxmayaraq, bu gün üçün Ermənistan və Türkiyə arasındakı iqtisadi və siyasi məsələlərdə hər hansı dönüş region və Azərbaycan üçün hələ böyük təsir daşımır. Çünki hələlik tam diplomatik münasibətlərdən, sərhədlərin tam açılmasından danışmaq mümkün deyil", - deyə siyasi şərhçi əlavə edib.
R. Məmmədova vurğulayıb ki, iqtisadi baxımdan Ermənistan və Türkiyə arasında əlaqələr onsuz da vardı və yaxın perspektivdə bunun daha da genişlənməsi mümkündür. Siyasi baxımdan isə proseslər hələ də öz axarında gedir və əsasən Ermənistan-Azərbaycan münasibətlərindən asılıdır. Regionda münasibətlərin sabit və konstruktiv olması çox vacibdir. Müharibə yox, sülh əsasdır. İnvestisiya qoyan ölkələr də sabitlik, inkişaf və logistika baxımından problemsiz bir mühit istəyir. Biz bunu Çin və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə də gördük.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə bölgədə logistika mərkəzlərinin açılmasının əhəmiyyətini anlayır və buna görə də Ermənistanla danışıqlar aparır. Bununla yanaşı, ABŞ şirkətlərinin bölgəyə gəlməsi məsələsində Türkiyə tam razı deyil. Bu məsələlər müzakirə olunmalı, ortaq mövqeyə gəlmək vacibdir. ABŞ-nin bölgədə iştirakı nə Rusiya, nə İran, hətta Türkiyə üçün sərfəlidir. Ona görə də bu məsələlər masa arxasında danışılmalıdır. Əgər Ermənistan balanslaşdırılmış siyasət yürüdərək münasibətləri normallaşdıra bilsə, bu, bütövlükdə region üçün müsbət nəticələr verə bilər.
Sevda Dəniz