Rusiya sığorta pulu ilə özünü gözdən salır, ya gözdən kompensasiya pərdəsi asır?

Rusiya XİN deyir ki, AZAL-ın təyyarəsinə dəyən zərərin qarşılığında Azərbaycan dövlətinin tələb etdiyi kompensasiya ödənilib. Bəllidir ki, söhbət 2024-cü ilin dekabrın 25-də qəzaya uğramış AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190" tipli təyyarədən gedir.

Bu açıqlamanı oxuyan vətəndaş da elə başa düşür ki, artıq məsələ həll edilib, Rusiya öz öhdəsinə düşəni yerinə yetirib, yəni ruslar demiş, "все". Azərbaycan tərəfi də açıqlamada da deyilənlərlə olduğu kimi razılaşmalıdır.

Lakin tövsiyə olunur ki, bu məqaləni hamı, ələlxüsus yuxarıdakı iki abzasda bəhs edilən tərəflər - Rusiya XİN və onun dediklərini olduğu kimi başa düşənlər sonadək oxusunlar.

Beynəlxalq aviasiya qanunvericiliyinə əsasən, sərnişinlərin həyat və sağlamlığı, eləcə də, təyyarəyə dəyən zərərlərin ödənilməsi məqsədilə müvafiq sığorta müqavilələrinin bağlanması məcburidir. Bu mexanizm həm aviaşirkətləri qəfil və yüksək həcmli maliyyə itkilərindən qoruyur, həm də sərnişinlərin hüquqlarının təmin olunmasına xidmət edir. Belə müqavilələr olmasa, aviaşirkətlərə beynəlxalq uçuş icazələrinin verilməsi mümkünsüzə çevrilir. Qəza olduğu təqdirdə, zərərin ödənilməsi məhz bu sığorta müqavilələrinin icrası çərçivəsində həyata keçirilir. Bunu mən demirəm, dünya praktikasında qəbul olunmuş ümumi yanaşmadır.

"Embraer E190" tipli təyyarə və həmin uçuşda iştirak edən sərnişinlərin həyat və sağlamlığı Azərbaycan Hava Yolları (AZAL) ilə Rusiyanın "АльфаСтрахование" sığorta şirkəti arasında bağlanmış müqavilə əsasında sığortalanmışdı.

Müqaviləyə uyğun olaraq təyyarənin məhv olması ilə əlaqədar AZAL-a 1,003 milyard rubl, yəni ödəniş tarixində təxminən 11 200 000 ABŞ dolları həcmində vəsait ödənilib. Həmçinin, xəsarət almış sərnişinlərə və həlak olanların ailələrinə sığorta şirkəti tərəfindən fərdi ödənişlərin həyata keçirilməsi də davam edir.

Bununla yanaşı, qeyd edilməlidir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi AZAL-a məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin tam həyata keçirildiyini bildirir. Lakin qəzada həyatını itirən sərnişinlərin yaxınlarının mətbuatda dərc edilən açıqlamalarından bəlli olur ki, sığorta ödənişlərinin icrası tam yekunlaşmayıb. Zərərgörən şəxslərin yaxınları arasında hələ də sığorta şirkətindən sığorta ödənişini almayan şəxslər var.

Bu, sığorta mexanizmlərinin mərhələli icra xarakteri daşıması ilə əlaqədardır. Belə ki, hər bir sərnişinin ailəsinə ödənişlərin həyata keçirilməsi üçün hüquqi sənədlərin toplanması, hüquqi varislərin müəyyən olunması və digər texniki prosedurlar tamamlanmalıdır. Bu proseslər yekunlaşanadək ödənişlərin tam bitməsi mümkün deyil.

Vacib məqam ondan ibarətdir ki, "АльфаСтрахование" şirkətinin AZAL-a və sərnişinlərə etdiyi ödənişlər heç bir halda Rusiya dövlətinin kompensasiyası kimi qəbul edilə bilməz. Onlar yalnız aviaşirkətlə sığorta şirkəti arasında imzalanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməsidir.

Hər şeydən əvvəl qeyd edilməlidir ki, AZAL-la Rusiya sığorta şirkəti arasında imzalanan müqavilədə yalnız təyyarənin və sərnişinlərin sığortalanması nəzərdə tutulub. Azərbaycan tərəfi bu məsələ ilə hər hansı etirazını bildirmir. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair şərhində də vurğulanır ki, sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır, həyata keçirilir.

Bir daha vurğulamaq yerinə düşər ki, ümumilikdə bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Adətən, təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb.

Bütün bu qeyd edilənlərin fonunda Rusiya rəsmilərinə bir daha xatırlatmaq lazımdır ki, sığorta müqaviləsində təyyarənin heyət üzvlərinin sığortalanması nəzərdə tutulmayıb. Həlak olan heyət üzvlərinin yaxınlarına bədbəxt hadisələrdən sığorta və həyat sığortası haqları ödənilib, bundan əlavə onlar AZAL tərəfindən müxtəlif ödənişlərlə təmin ediliblər. Yəni, "АльфаСтрахование"nin heyət üzvlərinə çatacaq heç bir ödənişi yoxdur.

Belə olan halda, əgər Rusiya tərəfi sığorta müqaviləsi əsasında ümumilikdə Azərbaycan dövlətinə ödəniləcək kompensasiyanı da "aradan çıxarmaq" istəyirsə, bəs onda niyə həlak olan heyət üzvlərinin yaxınlarına da ödəniş etməyib? Axı bu çox sadə məntiqdir. Əgər Moskva "kompensasiya" deyəndə "АльфаСтрахование"nin sığorta ödənişini nəzərdə tutursa, heyət üzvlərinin yaxınlarına çatacaq ödəniş hardadır? Yəni şimallılar bu işi də tam görə bilməyiblər? Yəqin, bu suallara cavab federasiyanın ötən gün ağız dolusu danışan baş diplomatiya idarəsində də yoxdur. Ola da bilməz. Heç olmasa, heyət üzvlərinin ailələrinə də sığorta ödənişi edib bunu kompensasiya adı ilə sırısaydılar, bəlkə, bu yalana kimsə inanardı.

Əslində, məsələ çox aydındır. Sığorta şirkətinin qanunauyğun ödənişi ilə dövlətin tələb etdiyi kompensasiya anlayışlarını qarışdırmamaq lazımdır. Azərbaycan dövləti öz təyyarəsinə, hava gəmisini peşəkarcasına idarə edən Milli Qəhrəmanlarına, sərnişinlərə və ümimilikdə xalqa dəyən mənəvi zərərin qarşılığı olan kompensasiyanı tələb edir. Bunun qarşılığında bir sığorta şirkətinin müqaviləsinə görə ödənilən vəsaiti dövlət kompensasiya kimi təqdim etmək Aydan da görünən böyük Rusiya üçün hardan baxsan, kiçik hərəkətdir.

Gəlin tarixə nəzərə salaq. Qəza nəticəsində hər hansı dövlətin birbaşa və ya dolayı müdaxiləsi təsdiq olunarsa, dövlətlər yalnız sığorta çərçivəsində ödənilməyən zərərlərə görə - xüsusən də mənəvi zərərin kompensasiyası məqsədilə ödənişlər həyata keçirirlər. Təkrar edirəm, sığorta çərçivəsində ödənilməyən. Sığorta. Çərçivəsində. Ödənilməyən. Təkrar edirəm, mənəvi zərərin kompensasiyası məqsədilə. Mənəvi zərər.

Tarixi nümunələrə baxaq:

  • 2020-ci ildə Ukrayna Hava Yollarına aid təyyarənin İran hərbi qüvvələri tərəfindən səhvən vurulması nəticəsində 176 nəfər həlak olmuşdu. İran dövləti hər bir qurbanın ailəsinə 150 min ABŞ dolları məbləğində kompensasiya ödəməyi öhdəsinə götürdü.
  • 1988-ci ildə ABŞ hərbi qüvvələrinin İran təyyarəsini vurması nəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti hüquqi məsuliyyəti qəbul etməsə də, ailələrə ümumilikdə 61,8 milyon dollar ödəniş etdi.
  • 2001-ci ildə Krım yaxınlığında Ukrayna tərəfindən Sibir Hava Yollarına aid təyyarənin səhvən vurulması nəticəsində həlak olan 78 nəfərin ailəsinə Ukrayna dövləti hər birinə 200 min dollar məbləğində kompensasiya verdi.

Bütün bu faktlar göstərir ki, "АльфаСтрахование" şirkətinin AZAL-a və sərnişinlərin ailələrinə ödədiyi vəsaitlər yalnız sığorta müqaviləsi üzrə öhdəliklərin icrasıdır. Onlar Rusiya dövlətinin verdiyi kompensasiya hesab edilə bilməz. Azərbaycan tərəfi hadisə ilə bağlı beynəlxalq hüququn imkanlarından istifadə etmək hüququnu qoruyur.

Rusiya XİN və onunkimilər indi yəqin ki, növbəti açıqlamanın mətnini işləyirlər. Sığorta ödənişi ilə kompensasiyanın fərqini, bəlkə, özləri də başa düşürlər. Sadəcə ümid edirlər ki, üzü qışa doğru gedirik. Faktlar, həqiqətlər, reallıqlar da buz bağlayacaq və onları görmək mümkün olmayacaq. Lakin unudurlar ki, Azərbaycanın Sibir buzlaqlarını əridəcək qədər qazı var. Biz həqiqəti gün işığına çıxararıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31