“Zəngəzur dəhlizi artıq qlobal layihəyə çevrilib” – Vaqif Hüseyn – ÖZƏL
5 Sentyabr 2025 16:41 Siyasət"Zəngəzur dəhlizi məsələsi ABŞ-nin prosesə qoşulması ilə artıq regional deyil, qlobal layihəyə çevrilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vaqif Hüseyn deyib. Siyasi şərhçi bildirib ki, artıq burada bir yox, üç-dörd böyük gücün maraqlı olduğunu görürük.
V. Hüseynin sözlərinə görə, layihənin yalnız regional səviyyədə qalmasında maraqlı olan iki dövlət var - Rusiya və İran. Hər ikisi də bu dəhlizi sırf regional maraqlar çərçivəsində görür. İran prinsip etibarilə istəyir ki, burada ümumiyyətlə başqa heç bir güc olmasın, yalnız Rusiya olsun. Rusiya isə Cənubi Qafqazdakı bütün məsələləri sanki özünün nəzarətində olan bir məkan kimi görür. Məhz buna görə də Zəngəzur dəhlizi məsələsində ABŞ-nin və digər güclərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Əgər bu qlobal layihəyə çevrilərsə, təbii ki, həm Çin, həm də Avropa İttifaqı maraqlı olacaq. Bu isə çox müsbət bir inkişafdır. Bunun nəticəsində Cənubi Qafqaz regionu izolyasiyadan çıxır. İndiyədək regionun dünyaya əsas çıxışı yalnız Gürcüstan vasitəsilə mümkün idi və bütün proseslər də onun üzərindən həyata keçirilirdi. Zəngəzur dəhlizinin açılması ilə bu "monopoliya" aradan qalxır.
"Gürcüstanın narahatlığı da bununla bağlıdır və rəsmi səviyyədə bunu açıq deməkdən çəkinmirlər. Amma ümumilikdə bu, region üçün çox müsbət hadisədir. Çünki regionun yalnız Rusiya, İran və ya digər güclərin təsir dairəsində qalması yox, əksinə, açıq və çoxtərəfli əməkdaşlığa çevrilməsi sülh və təhlükəsizlik gətirə bilər", - deyə siyasi şərhçi əlavə edib.
Sevda Dəniz