“Çin və Hindistan Rusiyadan neft almasa, Moskvanın iqtisadiyyatı ciddi zərbə alacaq” – ÖZƏL
5 Sentyabr 2025 16:11 SiyasətAğ Evdən sızan məlumata görə, ABŞ Avropadan təkcə Rusiya neftindən imtina deyil, həm də Rusiyanın əsas enerji alıcıları - Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyalarda dəstək gözləyir. Bu addım Rusiyanın enerji gəlirlərini azaltmaq məqsədi daşıyır, lakin Çin və Hindistanın Qərbin sanksiyalarına qoşulmaq istəyi azdır, Türkiyə isə balanslı siyasət aparır.
"Bəli, Amerikanın belə bir təklifi var. Avropa ölkələri ilə danışarkən, Rusiyadan neft alan dövlətlər qınanılıb, xüsusilə də Macarıstan və Slovakiyadan söhbət gedir. Amma sadecə Avropanın yox, Rusiyanın Çin, Hindistan və Türkiyə ilə də güclü ticarət əlaqələri mövcuddur. Xüsusilə Çin və Hindistanın Rusiyadan böyük həcmdə neft və qaz alması əslində, Rusiyanı ciddi şəkildə maliyyələşdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, əgər bu sanksiyalar tətbiq olunarsa və onların real nəticəsi olarsa, Rusiyanın iqtisadiyyatına ciddi təsir göstərə bilər. Amma bu sanksiyaların real nəticə verib-verməməsi Amerikanın onları nə dərəcədə səmərəli tətbiq etməsindən asılı olacaq. Yəni Çin və Hindistan ya bu sanksiyalara əməl etməlidir, ya da Rusiyaya ödənişləri tam şəkildə davam etdirməlidirlər.
Siyasi şərhçinin sözlərinə görə, sanksiyalar tətbiq olunarsa, müəyyən dərəcədə onlara əməl ediləcək. Əgər edilməzsə, bu, dünya maliyyə sistemində və nizamında ciddi problemlərə səbəb ola bilər. Odur ki, əgər ABŞ və onun müttəfiqləri bu məsələdə israrlı və qətiyyətli olsalar, müvafiq dövlətləri sanksiyalara əməl etməyə məcbur etsələr, real nəticə əldə oluna bilər. Əgər Amerika həqiqətən Çin və Hindistana təsir göstərə biləcək mexanizmləri işə sala bilsə, o halda bu ölkələr Rusiyadan neft alışını məhdudlaşdırmağa məcbur olacaqlar. Bu da təbii ki, Rusiyanın iqtisadiyyatına və hərbi gücünə mənfi təsir göstərəcək.
"Bəli, Türkiyənin də Rusiya ilə əməkdaşlığı var. Türkiyə iqtisadiyyatının xüsusiyyətləri elədir ki, Rusiyadan alınan neft və qaz ölkə üçün kifayət qədər faydalıdır. Amma Türkiyə həm də Qərblə müttəfiqdir. Ona görə də Rusiya ilə ticarət əlaqələrinin saxlanması müəyyən qədər anlayışla qarşılanır. Amma əgər sərt seçim qarşıya qoyularsa, məncə, Türkiyə də Rusiyanın ticarət əlaqələrini məhdudlaşdırmağa məcbur olacaq. Bunun nəticəsində isə Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün ola bilər", - deyə Əli Mustafa sonda qeyd edib.
Sevda Dəniz