Putinin yumşaq mesajı: Moskva-Bakı münasibətlərində yeni səhifə açılırmı? - ÖZƏL
5 Sentyabr 2025 15:48 SiyasətPekində keçirilən sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla bağlı gözlənilməz dərəcədə yumşaq mövqe sərgiləyib. O, Prezident İlham Əliyevlə salamlaşdığını və bir neçə kəlmə danışdığını bildirərək, əsaslı münasibətlərin və qarşılıqlı maraqların hər şeyi öz yerinə qoyacağını vurğulayıb. Gün ərzində Kremlin təbliğatçıları Bakı ilə münasibətlərin kəskinləşdiyini iddia etsələr də, Putinin açıqlaması Moskvanın Azərbaycanla əlaqələri tamamilə pozmaq istəmədiyini göstərib.
Putinin yumşaq açıqlaması Rusiya-Azərbaycan münasibətlərində yeni dialoq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Vladimir Putinin Azərbaycanla bağlı açıqlaması pozitiv notlar var və o qeyd edir ki, Azərbaycanla münasibətlərin yoluna qoyulması üçün imkanlar var və bu, yoluna qoyulacaq. Çünki fundamental maraqlar və qarşılıqlı maraqlar bunu tələb edir. Rusiya prezidentinin Rusiya təbəqəsindən fərqli münasibəti, əlbəttə ki, müəyyən mesaj kimi də dəyərləndirilə bilər. İlk növbədə o baxımdan ki, hər halda Vladimir Putin də daxilən çox yaxşı başa düşür ki, Azərbaycanla Rusiya arasındakımünasibətlərin pozulmasının əsas səbəbkarı Rusiyanın özüdür. Məhz Rusiyanın atdığı addımlar belə bir gərgin vəziyyətin yaranmasına səbəb olub. Və indi bu vəziyyətdən daha uyğun şərtlərlə, necə deyərlər, az zərərlə çıxmaq üçün müəyyən addımlar atılmalıdır. Şübhəsiz ki, bundan sonrakı dönəmdə biz Rusiya media məkanında və Rusiya təbliğatçılarının çıxışlarından müəyyən nəticə çıxara biləcəyik. Əgər bundan sonrakı dönəmdə, bu çıxışdan sonra, Rusiya media məkanında yenə ənənəvi ritorika davam edəcəksə ki, böyük ehtimalla belə olacaq - o zaman münasibətlərin tezliklə normallaşmasından danışmaq erkən olacaq. Nəzərə alsaq ki, Mariya Zaxarova da Azərbaycanla münasibətlərin normallaşması üçün ilkin şərt olaraq Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasını qeyd edib. Bu, əlbəttə ki, qəbulolunmaz bir yanaşmadır. Rusiya ilə münasibətlərin korlanmasının əsas səbəbkarı Rusiya tərəfidir və məhz Azərbaycana aid mülki təyyarənin vurulmasıdır. Qarşılığında isə tələb olunan beynəlxalq konvensiyalarda müəyyən edilmiş qaydalara uyğun addımlar atılmadığına görə münasibətlərdə soyuqluq yarandı. Ardınca isə Rusiya bu münasibətləri düzəltmək üçün tamamilə fərqli bir yol seçdi ki, bu da münasibətlərin gərginləşməsi ilə yadda qaldı. Bir daha qeyd edim ki, bu münasibətlərin normallaşması Vladimir Putinin şəxsən özündən asılıdır və birbaşa Kreml tərəfindən göstəriş veriləcəksə, o zaman Rusiya media məkanındakı anarxiya səngiyəcək və Azərbaycana qarşı təbliğat müharibəsi dayanacaq. Əgər belə olacaqsa, münasibətlərin normallaşmasının başlanmasını gözləmək olar. Rusiya hakimiyyət dairələrində də kifayət qədər məsələni fərqli yanaşan insanlar var və onlar da Azərbaycanın əhəmiyyətini qeyd edirlər. O baxımdan, bu, bir pozitiv mesaj olsa da, hər halda konkret addımlardan sonra biz Rusiya tərəfinin dəqiq münasibətini görəcəyik".
Zeynəb Mustafazadə