Pekin paradı və ABŞ üçün gizli siqnal: Trampın zarafatı ciddi mesajdırmı? - ÖZƏL

"Trampın paylaşımına sadəcə "Twitter şousu" kimi baxmaq sadəlövhlük olar. ABŞ siyasətində bu cür ironiyalar heç vaxt təsadüfi yazılmır. Əksinə, onlar həm ictimai rəyə, həm də rəqiblərə verilən siqnaldır. Trampın "Putin və Kim Çen Ina salamlarımı çatdırın" ifadəsi arxasında açıq mesaj var: Vaşinqton Pekin, Moskva və Pxenyanın koordinasiyasını artıq real təhlükə kimi qiymətləndirir. Bu, xüsusilə ABŞ-Çin münasibətlərinin Tayvan, Cənubi Çin dənizi və texnoloji müharibə kontekstində gərginləşdiyi bir vaxtda daha da kritikdir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Kreml rədd cavabı versə də, Putinin susmaması, cavabı köməkçisinə həvalə etməsi diqqətçəkicidir - yəni Moskva açıq qarşıdurmadan qaçır, amma Pekinlə və Pxenyanla meydanda dayanmaqdan da çəkinmir. ABŞ müdafiə naziri Heqsetin açıqlaması isə göstərir ki, məsələ təkcə ritorika deyil, Pentaqonun planlaşdırma masasına qədər düşüb. Pekin paradı əslində üç mesaj verdi:
1 -Çin texnoloji və hərbi gücünü gizlətmir, "biz də meydandayıq" deyir. 
2 -Rusiya və Şimali Koreya ilə eyni sırada dayanmaq Qərbə "strateji üçbucaq" mesajıdır.
3 -ABŞ-yə "bizim əleyhimizə blok qurmaq istəyirsinizsə, cavabımız da blok olacaq" deməkdir. Bu üçlüyün beynəlxalq güc balansına təsirləri də artıq nəzərə çarpır. Əgər ABŞ-Avropa tandemi hələ də liberal nizamı qorumaq istəyirsə, Çin-Rusiya-Şimali Koreya cəbhəsi "alternativ nizam"ı - yəni güc balanslı, Qərb dominantlığının zəiflədiyi dünyanı irəli sürür. Qlobal iqtisadi ticarət yollarından tutmuş, enerji bazarına, hərbi-texniki əməkdaşlığa qədər çoxşaxəli təsirlər gözləniləndir. Trampın ironiyası əslində zarafat pərdəsi altında verilmiş ciddi xəbərdarlıqdır. Vaşinqton indi anlayır ki, Pekin üçlüyü simvolik parad deyil, strateji blok göstəricisidir. Bu isə beynəlxalq sistemdə yeni qarşıdurma xətlərinin yaranması deməkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31