Telekanallar tədqiqat sahəsinə diqqəti artırmalıdır- ÖZƏL
5 Sentyabr 12:00 Siyasət"Bəşər övladı dünyaya gələndən problemlərlə üzləşir, çətinlikdən qurtulmaq üçün yollar axtarır. Müasir dünyada, cəmiyyətlərdə isə vəziyyət daha mürəkkəbdir. Bu gün bizi düşündürən, narahat edən bir çox mürəkkəb məsələlərə aydınlıq gətirmək üçün ciddi tədqiqatlara ehtiyac var. Təəssüf ki, Azərbaycan teleməkanında siyası proqramlar istisna olmaqla geniş miqyaslı tədqiqat xarakterli verilişlərə rast gəlmirik. Bəlkə mən görməmişəm. Yeni mövsümün başlaması ilə əlaqədar yeni verilişlər hazırlancaq. İntellektual yükü olmayan, yalnız şit şoularla insanları əyləndirməyə istiqamətlənmiş verilişlərin cəmiyyət üçün faydası yoxdur. Yenə ailə, məişət məsələləri ilə gündəmi zəbt edəcək". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: " Müşahidələrimizə əsasən onu deyə bilərik ki, bəzi tv-lər strateji cəhətdən millətə ziyan gətirəcək verilişlərə üstünlük verirlər. Ailə, məişət məsələləri, arvad boğuşmaları, ər-arvad çəkişmələri televiziya verilişinin müzakirəsinə çevrilməməlidir. Əgər belə problemlər mövcuddursa, onun həlli ilə məşğul olan dövlət qurumları var. Deməli, həmin dövlət qurumları öz işi ilə layiqincə məşğul olmadığına görə, bu rüsvayedici məsələlər televiziyada gündəmə gətirilir. Peşəkar teletəndiqin və hər hansı hüquqi məsuliyyətin olmaması, millətin və dövlətin strateji maraqlarına zərbə vuracaq ailə məsələlərinin telekanallarda müzakirəsinə rəvac verir.
Milli Məclis daxil olmaqla bir çox yüksək səviyyələrdə belə xoşa gəlməyən məqamlara münasibət bildirilib, tənqidi fikirlər səslənib. Nəticədə heç bir dəyişiklik yoxdur. Düşünürəm ki, dövlətimiz bu qorxulu tendensiyanın aradan qaldırılması istiqamətində təcili addımlar atmalıdır. Həmçinin reklam bazarının inkişafı və peşəkar səviyyədə tənzimlənməsi ilə bağlı zəruri işlər görülməlidir. Reklam məsələsi geniş mövzudur. Bu strateji sahə geniş araşdırılmalı və problemlər həll olunmalıdır.
Əlqərəz, bu gün telekanallar tədqiqat sahəsinə diqqəti artırmalıdır.
İnsanların erkən qocalması, xəstəliklərin sürətlə artması, qida təhlükəsizliyi problemi, su çatışmazlığı məsələsi, gənclərin ailə institutuna olan münasibəti, urbanizasiya- mövcud reallıq məsələsi və digər narahatedici məqamlarla bağlı jurnalist tədqiqatı olmalıdır. Biz bu səpkidə bəzi tv-lərə layihə təqdim etmişdik. Cavab olmadı".