Cənubi Qafqazda yeni mərhələ: İqtisadi sülh modelinə start - ÖZƏL
18:31 SiyasətABŞ nümayəndələri Zəngəzurla bağlı Ermənistana gedəcək. ABŞ-ın regiondakı aktivliyinin uzunmüddətli nəticələri nələr ola bilər?Bu səfər Cənubi Qafqazda yeni geosiyasi xəttin başlanğıcı sayıla bilərmi?
Suallarımızı cavablandıran siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"ABŞ nümayəndələrinin yaxın günlərdə İrəvana "Trump Route/TRIPP" (Zəngəzur xətti) üzrə danışıqlar üçün gedəcəyi barədə məlumatlar ilk növbədə İrəvan mətbuatına istinadən yayılıb. Mediada bu səfərin texniki-siyasi parametrlər, investisiya həcmləri və işə başlama qrafiki üzrə müzakirələr üçün nəzərdə tutulduğu qeyd olunur. Bu, 8 avqustda Vaşinqtonda elan edilən və ABŞ-ın dəstəklədiyi Ermənistan-Azərbaycan sülh çərçivəsinin və oradakı TRIPP konsepsiyasının praktik fazaya keçdiyini göstərir.
ABŞ nümayəndələrinin Ermənistana səfəri Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton burada iki əsas məqsəd güdür: birincisi, bölgədə Rusiya və İranın təsirini zəiflətmək, ikincisi isə Ermənistan və Azərbaycan arasında sərhədlərin açılmasına dəstək verməklə "iqtisadi sülh" modeli qurmaqdır.
Lakin müəyyən risklər də mövcuddur. Ermənistanda daxili müzakirələr və suverenliklə bağlı narahatlıqlar, eləcə də İranın açıq etirazı prosesi ləngidə bilər. Buna baxmayaraq, Türkiyənin açıq dəstəyi layihənin reallığını artırır.
Geosiyasi baxımdan bu, Cənubi Qafqazda tarazlığın dəyişməsi deməkdir. ABŞ-ın iştirakı yalnız texniki deyil, həm də siyasi təminat xarakteri daşıyır ki, bu da mümkün sabotaj və təhlükələri azaldır. Azərbaycan üçün bu, Naxçıvanla birbaşa yolun açılması, tranzit imkanlarının genişlənməsi və regionda strateji mövqeyinin möhkəmlənməsi deməkdir.
ABŞ nümayəndə heyətinin Yerevana səfəri TRIPP-in "kağız üzərindən" icraya keçməsi üçün test mərhələsidir. Bakı üçün bu proses düzgün şərtlərlə (marşrutun davamlılığı, təhlükəsizlik və tariflər) irəli aparılarsa, həm iqtisadi, həm də strateji qazancları maksimumlaşdırır."
İbrahim Məmmədli