Mark Zukerberqə qarşı: vəkil "Meta"ya qarşı məhkəməyə müraciət etdi
17:47 SiyasətABŞ-ın İndianapolis ştatından olan vəkil Mark Zukerberq - təsadüfən Facebook-un yaradıcısı ilə eyni adı daşıyan şəxs - şəxsi və iş hesablarının dəfələrlə bloklanması səbəbindən "Meta" şirkətinə qarşı iddia qaldırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Onun hesabları guya məşhur şəxsi təqlid etdiyi üçün bloklanıb.
Vəkil artıq 15 ildir ki, "şəxsiyyət qarışıqlığı" problemi ilə üzləşir. Onun təsdiqlənmiş hesabı beş dəfə bağlanıb. Hüquq firmasının səhifəsi beşinci dəfə silindikdən sonra isə o, reklam üçün yatırdığı 11 min dolları itirib və buna görə məhkəməyə müraciət etmək qərarı verib.
"Adətən deyə bilərlər ki, bu sadəcə Facebook-dur, elə də böyük problem deyil. Amma bu dəfə məsələ mənim gəlirimə ciddi təsir göstərdi. Çünki mən müştəri cəlb etmək üçün reklama pul xərcləmişdim", - deyə Mark Zukerberq bildirib.
O, Marion dairəsinin Ali Məhkəməsinə iddia ərizəsi təqdim edərək Meta-nı səhlənkarlıqda və müqavilənin pozulmasında ittiham edir. Şirkət onun hesablarını əsassız səbəblərlə bloklamaqda günahlandırılır.
"İlk dəfə hesabımı hələ 2010-cu ildə bağladılar. Hər dəfə uzun apel¬lyasiya prosesi keçməli oluram - şəkil, sürücülük vəsiqəsi, kredit kartları göstərməliyəm ki, real insan olduğumu və qaydaları pozmadığımı sübut edim", - deyə 38 illik təcrübəyə malik vəkil əlavə edib.
Meta isə bildirib ki, yeni daxil olmuş şikayəti öyrənirlər: "Biz bilirik ki, dünyada bir nəfərdən çox Mark Zukerberq var və indi vəziyyəti araşdırırıq".
Adının oxşarlığı bəzən üstünlük də verir: məsələn, restoranda yaxşı masa əldə etmək daha asan olur. Amma ümumilikdə vəziyyət ona çoxlu problem yaradır. Onun firmasına Facebook istifadəçilərindən saysız telefon zəngləri gəlir, sosial şəbəkə yaradıcısına ünvanlanmış bağlamalar göndərilir. 2020-ci ildə isə o, hətta səhvən maliyyə fırıldaqlarında ittiham edilərək mühakimə olunub.
Mark Zukerberq Meta-dan itkilərin ödənilməsini, hüquqi xərclərin qarşılanmasını və gələcəkdə hesablarının bloklanmasının qadağan edilməsini tələb edir. Vəkil zarafatla əlavə edib ki, arzusudur milyarder şəxsən gəlib ona çek təqdim etsin və üzr istəsin, amma bunun heç vaxt baş verməyəcəyini də yaxşı bilir.