“Moskva üçün Azərbaycanla münasibətlərin kəskinləşməsi məqbul deyil” – Şakir Ağayev – ÖZƏL

"Çində Rusiya Prezidenti Vladimir Putinin  Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən Birinci xanım Mehriban Əliyeva ilə görüşü və Azərbaycan-Rusiya münasibətləri ilə bağlı suallara verdiyi açıqlamalar  Azərbaycanla münasibətlərdə gərginliyin yumşaldılmasına hesablanmış addımdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Putinin açıqlamalarından da aydın görünür ki, Rusiya Prezidenti gərginliyin daha da artmasını istəmir, əksinə, münasibətlərin normallaşdırılmasına, dialoqun daha yüksək səviyyəyə qaldırılmasına tərəfdardır: "Əgər nəzərə alsaq ki, bu gün Çində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da danışıqlarda iştirak edib, onun çıxışında da Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Overçuk qeyd edib ki, iqtisadi əlaqələr kifayət qədər intensivdir və yaxın illərdə daha da genişlənəcək. Bu isə Kremlin mövqeyini əks etdirir: münasibətlər yaxınlaşmalı, gərginlik isə aradan qaldırılmalıdır. Çünki bu gərginliklər Rusiya üçün heç də səmərəli deyil".

Siyasi şərhçi qeyd edib ki, Kremlin təbliğatçılarının ritorikasına da nəzər yetirmək lazımdır: "Rusiyada müxtəlif mövqelər var. Təəssüf ki, bəzi dairələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır. Amma əgər Rusiya Prezidenti şəxsən münasibətlərin yumşaldılması barədə mesaj verirsə, bu, daxili və daha çox xarici amillərlə bağlıdır. Azərbaycan Cənubi Qafqazın ən güclü, lider dövləti kimi Rusiya üçün mühüm tərəfdaşdır. Biz bunu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında da gördük: Azərbaycan dövlətinə xüsusi diqqət və hörmət göstərildi. Azərbaycan regionun lideri kimi qəbul olunur və Rusiya üçün belə bir ölkə ilə münasibətlərin kəskinləşməsi məqbul deyil. Üstəlik, Qərbin sərt sanksiyaları şəraitində Azərbaycan həm logistik, həm də iqtisadi baxımdan Rusiya üçün mühüm əhəmiyyət kəsb edir".

Ş. Ağayev əlavə edib ki, digər mühüm məqam "Orta dəhliz" və Zəngəzur dəhlizi məsələsidir. Rusiya tərəfi rəsmi bəyanatlarda bu dəhlizin açılmasının əleyhinə olmadığını bildirib. Bununla yanaşı, Azərbaycanın Qərb-Şərq və Cənub-Şimal marşrutlarının həyata keçirilməsi də region üçün strateji əhəmiyyət daşıyır. 
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin və dayanıqlılığın rəmzidir. Bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərinin yumşaldılması və inkişaf etdirilməsi Moskva üçün həm regional, həm də qlobal maraqlar baxımından olduqca vacibdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31