Amerikalı nümayəndələrin Ermənistana səfəri: Tramp dəhlizi və Bakı maraqları - ÖZƏL
4 Sentyabr 16:29 Siyasət"Amerikalı nümayəndələrin Ermənistana səfər edib burada Tramp dəhlizini müzakirə etməsi o qədər də təəccüblü deyil. Məsələ ondan ibarətdir ki, ərazi Ermənistanın, beynəlxalq hüquqla tanınan ərazisi olduğu üçün dəhlizin, maneəsiz hərəkət təmininin icrası Amerika-Ermənistan arasında əldə edilən razılıq çərçivəsində baş verib".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:
" Daha detallı desək, Amerika bu ərazinin 99 illik idarə olunması məsələsini Ermənistanla həll edib və əslində, dəhliz də bu fondda açılıb. Dolayısı ilə Azərbaycanın maraqları da təmin olunmuş oldu. İndi əlbəttə ki, burada hansı ərazidə olacağı, hansı şirkətlərin iştirak edəcəyi və Ermənistan tərəfdən mümkün maneə və provokativ addımların ehtimalı kimi bir çox məsələ müzakirə edilməlidir. Və təbii ki, bu məsələyə gec-tez danışıqlar olacağı gözlənilirdi. Böyük ehtimal, oxşar danışıqlar Azərbaycan-ABŞ və Azərbaycan-Ermənistan arasında da aparılacaq. Yəni, bu qeyri-rəsmi danışıqlar ola bilər, rəsmi açıqlaması da mümkündür, amma hər halda gec-tez bu danışıqların şahidi olacağıq. Ümumiyyətlə, mövcud şərtlər Bakı üçün məqbuldur. Cənab Prezidentin açıqlamalarında bu məsələ dəfələrlə vurğulanıb və şərh olunub. Ona görə də xüsusi bir balans pozulacağını düşünmürəm. Əksinə, Amerikanın prosesdə iştirakı mövcud durum çərçivəsində Bakının maraqlarına uyğundur və prosesin gedişatı müsbət yöndədir. Qapalı formatda müzakirə olunması ilkin mərhələdə fərqli mənalar doğura bilər, amma nəticəyə baxmaq lazımdır. İran, Rusiya və bəzi digər dövlətlər Amerikanın prosesdəki roluna maraqlı deyillər. Onlar bunu həm öz təhlükəsizlikləri üçün təhdid, həm də ümumiyyətlə, Amerikanın prosesdəki iştirakından narahatlıq kimi qiymətləndirirlər. Ola bilər ki, ehtimal provokasiyalar və müdaxilələr nəzərə alınaraq təhlükəsizlik səbəbindən tədbirlər qapalı keçirilir, amma yəqin ki, iclasla haqqında Bakıya da məlumat veriləcək. Hesab edirəm ki, təhlükəsizlik tədbirləri baxımından və ehtimal olunan neqativ halların qarşısının alınması baxımından bu tip tədbirlər faydalıdır".
Zeynəb Mustafazadə