“Rusiya vətəndaşlarının həbsi qanunlara uyğun aparılır” – ŞƏRH – ÖZƏL

"Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı məsələ tamamilə qanunlara uyğun şəkildə həyata keçirilən hüquqi prosesdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki,  Azərbaycan heç kəsi hansısa bir ölkənin vətəndaşı olduğuna görə saxlamır. Həmin şəxslərə qarşı  Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən, necə ki, digər ölkələrin vətəndaşlarına və eləcə də  Azərbaycan vətəndaşlarına qarşı hüquqi prosedurlar tətbiq olunursa, eyni qaydada prosedurlar icra edilir. Onların hüquqlarının qorunması istiqamətində də müvafiq addımlar atılıb. Bu baxımdan hər hansı narahatlıq yoxdur. Əgər saxlanılan şəxslərin özlərinin hər hansı narazılığı varsa, onlar da hüquqi prosedur çərçivəsində müraciət edə bilərlər. Azərbaycan qanunları və beynəlxalq hüquq prinsipləri imkan verir ki, həmin şəxslər lazımi hüquqi prosedurlardan istifadə etsinlər. Onlar daha yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər. Həmçinin Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Aparatı da çox fəal işləyir və xüsusilə də xarici ölkələrin vətəndaşları ilə bağlı müraciətləri diqqətlə araşdırır. Onlara müraciət etmək mümkündür və bu məsələlər hüquq çərçivəsində həllini tapır.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan tərəfi bütün bu məsələlərə hüquqi müstəvidə yanaşır. Lakin  Azərbaycan cəmiyyətini narahat edən əsas məqam, Rusiyada  Azərbaycan vətəndaşlarına qarşı baş verən hadisələrdir. Məsələn, Yekaterinburqda baş vermiş məlum hadisə  zamanı  Azərbaycan vətəndaşlarının Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən işgəncəyə məruz qalması və hətta öldürülməsi bizi ciddi şəkildə narahat edir. Təəssüflər olsun ki, Rusiya tərəfi, xüsusilə də XİN sözçüsü Mariya Zaxarova, bu məsələlərə münasibət bildirərkən, yalnız  Azərbaycanda saxlanılan Rusiya vətəndaşları barədə danışır, amma  Azərbaycan vətəndaşlarına qarşı Rusiyada baş verən hadisələr barədə heç bir açıqlama vermir. Halbuki biz Rusiyadan gözləyirik ki, bu hadisələrlə bağlı günahkarlar cəzalandırılsın.

"Azərbaycan təyyarəsinin vurulması və çoxsaylı insan tələfatı ilə bağlı da biz hələ də Rusiyadan konkret cavab gözləyirik. Təəssüflə qeyd etməliyik ki, Rusiya tərəfi bu istiqamətdə heç bir ciddi addım atmır. Eləcə də Azərbaycan diasporuna qarşı həyata keçirilən hücumlarla bağlı rəsmi Moskvanın adekvat mövqeyi hələ də açıqlanmamışdır. Bütün bunlar isə Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir", - deyə Z. Əmrəliyev vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, əslində, Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı məsələlərdə diqqət yetirilməli əsas məqam odur ki, Azərbaycanda saxlanılan Rusiya vətəndaşları beynəlxalq hüquq və Azərbaycan qanunları əsasında həbs olunublar. Burada heç bir qanunsuzluq yoxdur. Azərbaycan vətəndaşları ilə bağlı Rusiyada baş verən hadisələrin araşdırılması və günahkarların cəzalandırılması isə münasibətlərin sağlam inkişafı üçün əsas şərtdir. Əks halda, bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərməkdə davam edəcək.

"Azərbaycan öz növbəsində bütün xarici ölkələrin vətəndaşlarına, o cümlədən Rusiya vətəndaşlarına qarşı da humanist addımlar atır. Məsələn, biz bunu Fransa vətəndaşının məsələsində də gördük. Azərbaycan qanunlarında və beynəlxalq hüquq prinsiplərində hansı humanist addımlar nəzərdə tutulubsa, onlar tətbiq olunur. Azərbaycan vətəndaşları da, xarici ölkə vətəndaşları da qanun qarşısında eyni hüquqlara malikdirlər. Azərbaycanda heç kəs günahsız yerə həbs olunmur, heç kəs günahsız yerə mühakimə edilmir. Bütün bu proseslər barədə beynəlxalq təşkilatlara da məlumatlar göndərilir və lazımi addımlar atılır", - deyə siyasi şərhçi bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31