Əgər bir gün Ermənistanda bütün rus hərbi bazaları bağlansa...– Əhəd Məmmədli – ÖZƏL

ABŞ-dən olan nümayəndələr növbəti həftə Ermənistana səfər edərək "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə edəcəklər. "Joqovurd" qəzetinin yazdığına görə, müzakirələrdə texniki və siyasi detallar, investisiya həcmi, prioritetlər və tikintinin başlama vaxtı nəzərdən keçiriləcək. Rəsmi mənbələr səfər barədə açıqlama verməsə də, danışıqlar qapalı keçiriləcək və qəbul ediləcək qərarlar regionda yeni logistik reallıq formalaşdıracaq.

Maraqlıdır, layihənin qapalı formatda müzakirə olunması hansı məqamların gizli saxlanıldığını göstərə bilər? 

Mövzu ilə bağlı siyasi şərhçi Əhəd Məmmədli Olaylar.az-a   bildirib ki, layihə qapalı saxlanılır, çünki hələ də dəqiq razılaşma yoxdur. Məsələn, Tramp marşrutu gündəmdədir. Azərbaycan tərəfi bunu "dəhliz" adlandırır, Ermənistan isə yol kimi qəbul edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da mövzu ilə bağlı açıqlamaları olmuşdu, amma hələlik heç bir konkret nəticə yoxdur. Prezident İlham Əliyev Pekində bunu "dəhliz" adlandırdı, amma Ermənistan tərəfi etiraz edir ki, orada "dəhliz" sözü yoxdur.

Ə. Məmmədli qeyd edib ki, biz hələ dəqiq izahat görmürüksə, deməli, digər detallarda da vəziyyət qapalı qalacaq. Ermənistan tərəfi öz auditoriyasını sakitləşdirmək üçün bildirir ki, həmin ərazi Ermənistanın suveren ərazisidir. ABŞ isə deyir ki, 99 illik icarə əsasında Zəngəzur dəhlizinə nəzarət bizə verilib. Burada əsas şərt odur ki, Azərbaycan vətəndaşları quru yolu ilə sərbəst şəkildə Naxçıvana gedə bilsinlər. Bu yolda gömrük, hərbi və polis müdaxiləsi olmamalıdır. Amma suallar çoxdur: Məsələn, oradan xarici maşınlar da keçəcəkmi? Türkiyəyə gedən yük maşınları həmin marşrutdan istifadə edəcəkmi? Onları kim yoxlayacaq? Ermənilərmi, yoxsa Azərbaycan tərəfimi? Əgər bizim sürücülər erməniləri görsələr, bu psixoloji narahatlıq yaradacaq. Ona görə də bütün bu detallara aydınlıq gətirilməlidir.

"Geosiyasi baxımdan da vəziyyət qarışıqdır. Ermənistanda hələ də Rusiyanın iki hərbi bazası var. Türkiyə ilə sərhədi də rus hərbçiləri qoruyur. Ermənistan dəmir yolları da Rusiyanın nəzarətindədir. İndi isə ABŞ şirkətləri də regiona gəlmək istəyir. Rusiya əvvəlki kimi 100 faiz güclü deyil, amma hələ də Ermənistanda təsiri böyükdür", - deyə siyasi şərhçi əlavə edib.

Sual yaranır: Rusiya nə vaxt tamamilə Ermənistandan çıxacaq? 

Əgər bir gün Ermənistanda bütün rus hərbi bazaları bağlansa, bəlkə  onda ABŞ-nin təsiri güclənəcək. Amma hələlik Ermənistan üzərində Rusiyanın böyük təsiri qalır. ABŞ da daxil olur, amma tam dominant gücə çevrilmir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31