ABŞ hesabatındakı "Dağlıq Qarabağ" və "Stepanakert" ifadələri beynəlxalq reallığa ziddir - ÖZƏL

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyasının (USCIRF) hesabatında "Dağlıq Qarabağ" və "Stepanakert" ifadəsinin işlədilməsi nə deməkdir? Sizcə, bu, ABŞ-ın hələ də Qarabağı ayrıca subyekt kimi təqdim etmə cəhdidir? Azərbaycan bu cür saxta iddialara qarşı hansı diplomatik və hüquqi addımlar atmalıdır?

Mövzu ilə bağlı politoloq Xəqani Səfəroğlu Olaylar.az-a açıqlamasında bildirib:

"ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyasının (USCIRF) hesabatlarında "Dağlıq Qarabağ" və "Stepanakert" ifadələrinin işlədilməsi haqlı olaraq Azərbaycanda suallar doğurur. Çünki bu terminlər artıq beynəlxalq hüquqi və siyasi reallığa ziddir.

Birincisi, "Dağlıq Qarabağ" anlayışı Azərbaycanın Konstitusiyasında mövcud deyil. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra separatçı qurum tamamilə ləğv olunub. Bu gün Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və burada yalnız Azərbaycan dövlətinin suverenliyi keçərlidir.

İkincisi, hesabatda "Stepanakert" adının ayrıca çəkilməsi guya bölgədə hansısa "ayrı subyektin paytaxtı" təəssüratını yaradır. Halbuki söhbət Azərbaycanın Xankəndi şəhərindən gedir. ABŞ qurumlarının bu cür yanlış terminologiyaya üstünlük verməsi ya diqqətsizlik, ya da bəzi lobbi dairələrinin təsiri ilə bağlıdır.Azərbaycan diplomatiyası bu məsələyə öz münasbiətini bildirməlidir. Vaşinqtondakı səfirlik və Xarici İşlər Nazirliyi vasitəsilə etiraz notası təqdim olunmalı, hesabatda istifadə olunan yanlış terminlərin düzəldilməsi tələb edilməlidir.

Eyni zamanda, ABŞ Konqresindəki dostluq qrupları və nüfuzlu beyin mərkəzləri ilə iş aparılaraq, Qarabağın artıq ayrıca subyekt olmadığını, "Stepanakert" adının isə sovet dövründən qalma toponim kimi keçdiyini izah etmək vacibdir.

Bununla yanaşı, beynəlxalq mediada və ictimai diplomatiya müstəvisində Azərbaycanın mövqeyini gücləndirmək üçün analitik cavab sənədləri hazırlanmalı, faktların yanlış təqdim edildiyi ictimaiyyətə çatdırılmalıdır.
Hesabatda "Dağlıq Qarabağ" və "Stepanakert" ifadələrinin işlədilməsi ABŞ-ın rəsmi siyasətindən daha çox köhnəlmiş yanaşmanın əksidir. Azərbaycan isə bu kimi hallara dərhal reaksiya verərək, beynəlxalq aləmdə doğru reallıqları izah etməli, suverenliyini şübhə altına almağa yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə almalıdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31