Sentyabrdan Rusiyada yeni qaydalar: cəzalar, məhdudiyyətlər artırılır - ÖZƏL
15:14 SiyasətOlaylar.az xəbər verir ki, sentyabrın 1-dən etibarən Rusiyada bir sıra yeni qanun və qaydalar qüvvəyə minib. İndi ekstremist materialların axtarışı və onlara çıxış əldə etmək 3-5 min rubla qədər cərimə ilə cəzalandırılacaq. Eyni zamanda VPN xidmətlərinin reklamı fiziki şəxslər üçün 50-80 min, vəzifəli şəxslər üçün 80-150 min, hüquqi şəxslər üçün isə 200-500 min rubla qədər cərimə ediləcək. İnoagent statusu daşıyan şəxslər və təşkilatlar üçün isə təhsil və maarifçilik fəaliyyəti tamamilə qadağan olunur, həmçinin onların dövlət maliyyəsi və sosial NKO reyestrinə daxil olması mümkünsüzləşdirilir. Qadağan olunmuş və ekstremist təşkilatların saytlarında, o cümlədən Instagram və Facebook-da reklam yaymaq da yeni qaydalarla yasaqlanıb. Sentyabrdan etibarən mərkəzi mobil tətbiq Max bütün Android, iOS və HarmonyOS cihazlarına əvvəlcədən quraşdırılmalı, həmçinin RuStore tətbiq mağazası bütün iOS və HyperOS cihazlarında məcburi olacaq.
SIM-kartların üçüncü şəxslərə verilməsi qadağan olunur; yaxın qohumlara və qısa müddətli istifadəyə icazə verilsə də, pozuntu hallarında 30-50 min rubla qədər cərimə və ciddi hallarda 3 ilə qədər azadlıqdan məhrumetmə mümkündür. 50 min rubldan yuxarı kreditlər üçün "sakitləşmə dövrü" tətbiq ediləcək: 50-200 min rublluq kreditlər 4 saat sonra, 200 min rubldan yuxarı kreditlər isə 48 saat sonra istifadə oluna biləcək.
Mərkəzi Bankın "ikinci əl" xidmətindən istifadə edərək müştərilər müəyyən əməliyyatları təsdiqləmək və ya rədd etmək üçün etibarlı şəxsləri təyin edə biləcəklər.
Həmçinin, müştərilərə əlavə məhsul və xidmətlərin məcburi satışı qadağan olunur; yalnız yazılı razılıq əsasında təklif etmək mümkündür.
Sosial dəstək sahəsində də dəyişikliklər var: universitetlərdə təhsil alan hamilə qadınlar üçün ödənilən müavinət səviyyəsi 23 min rubldan 90 min rubla qədər artırılacaq.
Bildirilir ki, yeni qaydalar həm təhlükəsizliyi gücləndirməyi, həm maliyyə əməliyyatlarında şəffaflığı artırmağı, həm də sosial dəstəyin səviyyəsini yüksəltməyi hədəfləyir.