“Azərbaycan xarici siyasətdə Qərb və Şərq arasında ayrı-seçkilik etmir” – ÖZƏL

"Azərbaycan Respublikası öz xarici siyasətində, xüsusilə də iqtisadi əməkdaşlıq sahəsində Qərb və Şərq arasında ayrı-seçkilik etmir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ona əsas verir ki, Şərq və Qərb arasında iqtisadi əlaqələrin qurulmasında, xüsusən də tranzit və kommunikasiya siyasətlərinin həyata keçirilməsində daha aktiv rol oynasın və hər iki tərəflə geniş, hərtərəfli əməkdaşlıq etsin. Bu baxımdan Orta Dəhliz marşrutu Azərbaycan üçün həm böyük üstünlükdür, həm də onun iqtisadi və geosiyasi əhəmiyyətini artıran mühüm amildir.

T. Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropa qurumları və Qərb ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda uzunmüddətli əməkdaşlıq qurub. Son illərdə isə Şərq ölkələri ilə iqtisadi əməkdaşlığın genişlənməsi bu istiqamətdə Azərbaycana əlavə imkanlar yaradıb. Beləliklə, Azərbaycan Qərb ölkələri ilə olduğu kimi, Şərq ölkələri ilə də iqtisadi əməkdaşlığını gücləndirir.

"Düşünmürəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaş ölkə statusu alması onun Qərb dövlətləri, xüsusilə də Qərbin iqtisadi blokları və təşkilatları ilə münasibətlərinə mənfi təsir göstərsin. Əksinə, qeyd etdiyim kimi, Azərbaycanın əlverişli geosiyasi mövqeyi ona imkan verir ki, həm Qərb, həm də Şərq ilə əməkdaşlıq edən maraqlı tərəf kimi çıxış etsin, dünya siyasətində öz mövqeyini möhkəmləndirsin və coğrafi üstünlüyündən istifadə edərək iqtisadi cəhətdən səmərəli layihələrin icrasında fayda əldə etsin", - deyə siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31