Hindistanın yaratdığı əngəl: Öz maraqlarına zidd, Azərbaycanın isə xeyrinədir - ÖZƏL

Hindistan  Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasına Bakının Pakistanla yaxın münasibəti səbəbilə əngəl olub.Hindistanın bu mövqeyi regionda  Azərbaycan-Pakistan əməkdaşlığına qarşı yönəlmiş addım kimi qiymətləndirilə bilərmi?Azərbaycanın ŞƏT-ə tam üzv olmamasını necə qiymətləndirmək  olar?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib: 

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olub-olmaması heç nəyi dəyişmir. Çünki  Azərbaycan artıq həmin təşkilatın əsas üzv dövlətləri ilə - başda Çin olmaqla, qardaş Pakistan, Qazaxıstan və Özbəkistan - yüksək səviyyəli və səmimi ikitərəfli münasibətlərə malikdir. Yəni bizim heç bir dövlətlə problemimiz yoxdur.

Hindistanın bizi bloklaması da vəziyyəti dəyişdirmir, çünki  Azərbaycanın Hindistanla dərin iqtisadi əlaqələri yoxdur. Digər tərəflərlə isə çox yaxın iqtisadi münasibətlər mövcuddur və bu əlaqələr ikitərəfli şəkildə uğurla inkişaf etdirilir. Üstəlik, Hindistanın yaratdığı əngəl əslində onun öz maraqlarına zidd oldu, çünki Pakistan da eyni qaydada Ermənistana əngəl yaratdı və nəticədə Ermənistan da Azərbaycan kimi həmin quruma üzv ola bilmədi.

Yəni bundan heç kim zərər görmədi; Azərbaycan isə itirmədi və itirəcək heç bir şeyi yoxdur. Üstəlik, Qərblə yaxınlaşma fonunda baş verən bu hadisə Azərbaycanın xeyrinədir, çünki ölkəmiz hərtərəfli əməkdaşlığa açıq və hazır olduğunu nümayiş etdirdi. Sadəcə tərəflərdən biri bu prosesə mane oldu, lakin nəticədə biz xeyir gördük. Burada zərərli heç bir məqam yoxdur."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31