İranın nüvə proqramı və beynəlxalq narahatlıq: Hərbi yox, diplomatiya ilə həll - ÖZƏL
14:14 SiyasətMAQATE-nin məxfi hesabatına görə, İsrail hücumundan bir gün əvvəl - iyunun 13-də İranda 440,9 kq 60 faizə qədər zənginləşdirilmiş uran olub. Bu göstərici əvvəlki aya nisbətən artımdır və silah istehsalı üçün tələb olunan 90 faizlik həddə yaxınlaşma kimi qiymətləndirilir. Ümumi uran ehtiyatı 9874,9 kq təşkil edir. MAQATE bildirir ki, müfəttişlər iki aydan çoxdur İranın nüvə ehtiyatlarını yoxlaya bilmirlər ki, bu da ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Təbii ki, bu məsələ təhlükəli ola bilər, amma o vaxt ola bilər ki, İsrail-Amerika hücumları davam etsin, münaqişəli vəziyyət yaransın, müharibə vəziyyəti olsun. Bu halda düşünürəm ki, uran zənginləşdirilməsi proqramı İranı təhlükəli mərhələyə keçirə və ya onu nüvə silahı prosesinə məcbur edə bilər. Allah qorusun, nüvə silahından istifadənin hansı nəticələrə gətirib çıxaracağını hesablamaq çox çətindir.
Mən düşünürəm ki, bu məsələyə dinc yolla yanaşmaq lazımdır, danışıqlar yolu ilə, masa arxasında müzakirələrlə, diplomatik münasibətlərlə və müqavilələrlə tənzimləmək lazımdır. Bu prosesdə başda MAQATE getməlidir. Bu prosesdə aparıcı rol oynamalıdır və İran dinc danışıqlar vasitəsilə bu prosesi dinc bir proqram kimi yürütməyə məcbur edilməlidir. Amma İsrailin hücumları nəticə vermir. İsrail hücum etdi, bu, bir ölkənin başqa bir ölkəyə, suveren bir dövlətə təcavüzü kimi qəbul olunur. Biz İranı sevsək də, sevməsək də və ya nəyin necə olmasından asılı olmayaraq, bu beynəlxalq hüquqda normal qəbul olunmayan bir hərəkətdir. Həmçinin, bu hücumun özü heç bir nəticə vermədi. İran proqramı dayandırdımı? Xeyr. Zənginləşdirməyə davam edildi. Bəs İsrailin məqsədi nə idi? Proqramı dayandırmaq. Bu göstərdi ki, hərbi hücum və hərbi aktlar nəticə vermir. Danışıqlar yolu ilə bu məsələni tənzimləmək və İranı bu prosesi təhlükəli məcraya yönəltməkdən yayındırmaq lazımdır".
Zeynəb Mustafazadə