Ter-Petrosyanın əsl siması – Paşinyan gelsə, ermənilər II Yerablur üçün yer bulacaqlar

Neçə vaxtdır, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan vaxtilə öz tərəfdarı olmuş, həlledici anlarda dəstək verdiyi Nikol Paşinyanı tənqid edir.

Düzdür, Paşinyan heç vaxt söz altında qalmır, istənilən rəqibini öz tutarlı arqumentləri ilə susdurmağı bacardığı kimi, "keçmiş mürşidi"ni də "haqsız çıxarır", ancaq Ermənistanda Levon Ter-Petrosyan kimi ahıl (80 yaş) və təcrübəli (40 il) siyasətçinin tənqidləri də ictimai rəydə öz işini görür.

Məsələ orasındadır ki, Ermənistanın müstəqillik qazanması, Qarabağın dağlıq və aran hissəsinin, eləcə də bu əraizyə bitişik Azərbaycan rayonlarının işğal edilməsi məhz onun prezidentliyi dövründə baş verib. Bu hərbi təcavüz və cinayətlərdə Vazgen Manukyan, Vazgen Sarkisyan, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilərinin nə qədər böyük rolu olsa da, onlara rəhbərlik edən şəxs məhz Ter-Petrosyan idi. Erməni xalqı bunu bilir.

İndi bu şəxs də başqalarına qoşularaq Nikol Paşinyanı hədəfə alıb.

"Ermənilərin də yaxşı-pisi var" deyə uzun müddət "normal düşmən"- "qəvi düşmən" bölgüsü aparan, onları fərqləndirməyə çalışan mötədillərmizin arasında Levon Ter-Petrosyanın şəxsiyyətinə münasibət başqa cür idi. Hesab olunurdu ki, o, Azərbaycanla Ermənistanın arasında qalıcı sülhün bərqərar edilməsinin tərəfdarı olub, amma Köçəryan-Sarkisyan tandeminin təzyiqlərinə məruz qalaraq istefa verib.

Belə bir görüntü və iddia həqiqətən də vardı. Doğrudan da Ter-Petrosyan 1992-ci ildə və hakimiyyətinin son ilində sülhdən çox danışırdı.

petros.JPG (37 KB)

1992-ci ilin ikinci yarısında o, ona görə "sülhpərvər" olmuşdu ki, Azərbaycan ordusu Qarabağ cəbhəsində təşəbbüsü ələ almışdı və əks-hücum əməliyyatları aparırdı. Bu, Ermənistan rəhbərliyini qorxudurdu. Ancaq Rusiyanın Ermənistana hərtərəfli yardımı sayəsində payıza doğru Azərbaycan hərbçilərinin Qarabağda uğurlu hərbi əməliyyatlarının qarşısı alındı və Ter-Petrosyanın ritorikası dəyişdi.

1998-ci ildə isə o anlamışdı ki, işlər bu cür getməyəcək, Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 Azərbaycan rayonunun faktiki olaraq özünə birləşdirsə də, bu işğal və ilhaq beynəlxalq hüququn tələblərinə cavab vermir, mütləq Azərbaycana güzəştə getmək lazımdır. Ancaq onun saraydaxili opponentləri Azərbaycana hər hansı bir güzəşt ehtimalını heç cür yaxın qoymurdular.

Ona görə də 1998-ci ilin fevral ayının 3-də Levon Ter-Petrosyan Ermənistan prezidenti postundan istefa verdi və belə bir mətn dərc etdi: "Fövqəladə heç nə baş vermədi. Sadəcə, Ermənistanda "Sülh və ləyaqətli barışıq partiyası" məğlub oldu. Təfərrüata varmağa ehtiyac yoxdur".

O zaman birinci prezidentin bu açıqlaması cəmiyyətdə qorxu və təşviş yaradıb. Ermənilər elə biliblər ki, sülhpərvər Ter-Petrosyan gedir, onun yerinə davakar müharibə tərəfdarları gələcək və yenidən müharibə başlayacaq, yeni qurbanlar peyda olacaq. Çünki 1992-94-cü illər müharibəsinin yaraları hələ sağalmamışdı və heç kim yeni müharibə istəmirdi.

petros-2.JPG (88 KB)

Ancaq hakimiyyətə yiyələnən Köçəryan-Sarkisyan cütlüyü Azərbaycana qarşı "hesab üstünlüyü"nü qoruyub saxlamağa çalışdılar, yeni hərbi kampaniya başlatmadılar. Əslində onlar Azərbaycanın hərbi kampaniyaya başlayacağını gözləyir və bundan çəkinirdilər. Amma Azərbaycan da araba gölgəsində yatan məxsluqu da, arabanın (Rusiyanın) özünü də görürdü. Nəticə də 1998-ci ildən 2016-cı ilin yazına qədər, 18 il ərzində Ermənistan və Azərbaycan arasında aktiv hərbi əməliyyatlar olmadı - "snayper müharibəsi"ni nəzərə almasaq.

Ter-Petrosyanın üstünlüyü onda idi ki, o, belə bir müharibənin əvvəl-axır baş verəcəyini düzgün proqnozlaşdırmışdı. Həmin müharibə 2016-cı ildə başlandı və 4 gün davam etdi. Xain generalların satqınlığı və Rusiyanın təzyiqi sayəsində həmin müharibə davamlı olmadı, daha dəqiqi, 4 illiyə təxirə salındı, amma Ter-Petrosyan da haqlı çıxdı.

Bu şəxsin indiki çıxışları isə göstərir ki, o, heç də Ermənistanda və Azərbaycanda qəbul olunduğu kimi sülhpərvər olmayıb. Ter-Petrosyan Azərbaycana tam yox, müəyyən güzəştlər (4-5 düzən rayonun qaytarılması) etmək şərti ilə sülhə nail olmaq istəyirmiş. Bu "sülh planı"na görə, Qarabağın dağlıq hissəsi, eləcə də Laçın, Şuşa, Kəlbəcər Ermənistana birləşəcək və Azərbaycan bununla barışmağa məcbur olacaqmış.

Ter-Petrosyanın "sülhpərvərliyi" də "sülh planı" da bundan ibarət olub. Başqa heç nə.

İndi Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, Ermənistan bu ölkədən qopardığı bütün yaşayış məntəqələrini itirib, ona görə də Ter-Petrosyanın əsl siması üzə çıxmaqdadır.

O, bu itkilərə görə Paşinyanı qınayır. Çünki məhz Paşinyanın hakimiyyəti dövründə Ermənistan öz içinə yığışıb, öz əsgərlərini başqa ölkənin ərazisindən çəkməli olub. Beləcə, Azərbaycan və Ermənistan arasında real sülh şəraitinin bərqərar edilməsi imkanı yaranıb. Amma 33 ilin "sülhpərvər"i Ter-Petrosyan buna qane olmur, ona Azərbaycanın kapitulyasiyaya və ərazi itkisinə razılaşması şərti ilə sülh sazişi lazım imiş.

İndiki vəziyyət Ter-Petrosyan üçün "real sülh və ləyaqətli barışıq" deyil.

Hazırda erməni mediası yazır ki, Nikol Paşinyan da, demək olar ki, eyni ifadələri işlədir, hədələyir ki, 2026-cı ildə erməni seçicilər "sülh və müharibə arasında" seçim edəcəklər. Rəqibləri bunu şantaj kimi qəbul edirlər. Ancaq gerçəkdən də ermənilər seçim qarşısındadırlar. Onlar Paşinyana yenidən etimad göstərsələr, sülh sazişi məsələsində müsbət irəliləyişlər olacaq, etimad göstərməsələr və hakimiyyətə revanşistlər gəlsə, 18 yaşlı erməni gəncləri yenidən qabağa verəcək, II Yerablur panteonu üçün yer bulacaq, hamarlayacaqlar. Ardı texniki işdir.

Hazırda revanşistlər "Nikol artsaxı itirdi" deyə-deyə xalqı qızışdırırlar. Heç biri demir ki, o "artsax" deyilən yerin adı Qarabağ idi və Ermənistanın deyildi.

Araz Altaylı, Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31