“Azərbaycan və Ermənistan artıq Qarabağa dair yekun qərarı qəbul edib” – Ramiyə Məmmədova – ÖZƏL

Keçmiş  qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbəri Samvel Şahramanyanın fikirləri yenidən mübahisə yaradıb. O, 2023-cü ilin sentyabrında imzaladığı və separatçı qurumun buraxılmasını təsdiqləyən sənədi indi inkar edir, hətta bu faktın Ermənistanın IX sinif "Ermənistan tarixi" dərsliyində yer almasına görə məhkəməyə müraciət edəcəyini bildirir.

"Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibədən sonra imzalanan bütün sənədləri, eləcə də sonuncu - ABŞ-də bağlanan razılaşmanı nəzərə alsaq, demək olar ki, Ermənistan Baş naziri və Ermənistan dövləti Qarabağa dair məsələlərdə artıq yekun qərarı qəbul edib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, hələki sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı isə sual altındadır. Bəzi razılaşdırılmış sənədlər mövcuddur, onlara qol çəkilib, amma məhz sülh müqaviləsinin nə zaman bağlanacağı dəqiq məlum deyil. Bunun səbəbi odur ki, bəzi məqamlar hələ də tam aydınlaşmayıb. Ekspertlərin bir qismi hesab edir ki, sülh müqaviləsi üçün artıq hər şey hazırdır və onun imzalanmasının yubadılmasına ehtiyac yoxdur. Lakin hər halda, müqaviləyə aparan yol müəyyən edilməlidir və bu yol hazırda əsasən ABŞ vasitəsilə formalaşdırılır.

Siyasi şərhçinin sözlərinə görə, Samvel Şahramanyan və digər keçmiş müxalifət və ya keçmiş iqtidar təmsilçilərinin bu gün ortaya çıxaraq bəyanatlar verməsi təsadüfi deyil. Aydın görünür ki, onların çıxışları müəyyən qüvvələrin dəstəyi ilə edilir. Məqsəd isə regionda vəziyyəti gərginləşdirmək, Ermənistan ictimai-siyasi fikrinə təsir göstərmək, revanşist ideologiyanı canlandırmaqdır.

"Hazırda bu çağırışlar getdikcə aktuallığını itirir. Ermənistan cəmiyyəti də başa düşür ki, Azərbaycanla imzalanan razılaşmalar və gələcəkdə regionda baş verə biləcək proseslər onların özləri üçün hansı müsbət və ya mənfi nəticələr doğura bilər. Bu məqamlar artıq Ermənistan daxilində də dərk olunmağa başlayıb. Ən adekvat mövqeyi nümayiş etdirən şəxs isə məhz Baş nazir Nikol Paşinyandır. Onun atdığı addımlar göstərir ki, Ermənistan artıq "böyük Ermənistan" kimi xəstə və revanşist ideologiyadan uzaqlaşır, yaxın qonşuları ilə normal münasibətlər qurmaq zərurətini anlayır. Çünki yalnız bu yolla dövlətin gələcəyi təmin oluna bilər", - deyə R. Məmmədova qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, son görüşlərin nəticələri də göstərir ki, Ermənistan rəhbərliyi və ekspertləri anlayır: ölkənin gələcək rifahı üçün mütləq region dövlətləri ilə əməkdaşlıq edilməli, iqtisadiyyat bərpa olunmalı, beynəlxalq logistikaya və iqtisadi əlaqələrə məhz region ölkələri vasitəsilə inteqrasiya təmin edilməlidir. Məhz bu səbəbdən, indi səslənən təxribat xarakterli bəyanatların heç bir əsası yoxdur. Fikrimcə, gedən proseslər fonunda Samvelin və digərlərinin dediyi fikirlər heç bir rol oynamayacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31