“Prezidentin Çinə səfəri siyasi uğur kimi qiymətləndirilməlidir” – Bəhruz Quliyev – ÖZƏL

"Ümumiyyətlə qeyd edim ki, Cənab Prezident İlham Əliyevin Çinə səfəri həm tarixi, həm yeni uğurlar baxımından çox səmərəli və rəngarəng oldu. Sentyabrın 3-də Pekində keçirilən, Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad təkcə tarixi xatırlatma deyil, həm də bugünkü beynəlxalq güc balansında ciddi siyasi mesaj idi. Tədbirdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, Çin kimi qlobal güc mərkəzində keçirilən belə tədbirdə Azərbaycan liderinin iştirakı ölkəmizin Asiya istiqamətində artan rolunu nümayiş etdirir. Parad zamanı ən müasir raket və hərbi texnologiyaların nümayişi Pekinin dünyaya verdiyi mesajdır. Bu o deməkdir ki, Çin həm tarixi yaddaşını qoruyur, həm də müasir gücünü açıq şəkildə göstərir. Bu fonda İlham Əliyevin digər dövlət başçıları ilə salamlaşması, söhbətlər aparması Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasının göstəricisidir.

Siyasi şərhçi əlavə edib ki, Prezidentin Pekində iştirakı və ümumiyyətlə Çin səfəri Azərbaycan-Çin münasibətlərini yeni müstəvidə yeni mərhələyə çıxarmış oldu. Bu həm iqtisadi əməkdaşlıqda, xüsusilə də "Bir kəmər, bir yol" layihəsində iştirak baxımından yeni imkanlar açır, həm də hərbi-texniki, humanitar və mədəni əlaqələrdə strateji tərəfdaşlıq xəttini möhkəmləndirir.

"Eyni zamanda, Azərbaycan Prezidentinin Çinlə yanaşı digər dövlətlərin liderləri ilə görüşləri də diqqətdən kənarda qalmamalıdır. Bu görüşlər Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin tərkib hissəsidir. Qlobal güclər arasında gərginliklərin artdığı bir zamanda Azərbaycanın müxtəlif bloklara qoşulmadan, öz müstəqil siyasətini qoruyaraq əlaqələrini genişləndirməsi ölkəmizə əlavə siyasi manevr imkanları qazandırır", - deyə B. Quliyev vurğulayıb.

Siyasi ekspertin sözlərinə görə, Cənab İlham Əliyevin Pekindəki paradda iştirakı bir neçə strateji mesaj verir. Birincisi, Azərbaycan beynəlxalq güc mərkəzlərində etibarlı tərəfdaşdır. İkincisi, ölkəmiz Asiya, xüsusən də Çinlə əməkdaşlıqda yeni səhifə açmağa hazırdır. Üçüncüsü, Azərbaycan liderinin regional və qlobal proseslərdə iştirakı ölkəmizin beynəlxalq nüfuzunu artırır.

"Bu tədbir Azərbaycanın müasir dünyada mövqelərinin möhkəmlənməsi baxımından mühüm siyasi uğur kimi qiymətləndirilməlidir", - deyə B. Quliyev qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31