Antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi

Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror tədbirlərinin başa çatmasından cəmi iki il keçir. Qısa müddətdə yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri müstəqil Azərbaycanın suverenliyinin tam bərqərar olması ilə nəticələndi. Uğurlu antiterror tədbirləri Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror tədbirlərinin  keçirilməsini labüd etmişdi. Antiterror tədbirləri  zəruri edən ən əsas şərtlərdən biri də üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması istiqamətində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırması idi.
Məlum olduğu kimi, Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 gün ərzində 30 illik işğala son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş verdi. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı  Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasından iki il ötür. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, "biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik, biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar. Antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması yenilməz ordumuzun malik olduğu imkanların təqdimatı oldu."
Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri kimi qeyd edilməsini qərara alıb. Fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərinin qısa müddət ərzində, uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror tədbirləri  bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31