Çin Azərbaycanı Cənubi Qafqazda mühüm strateji oyunçu kimi qəbul edir- ÖZƏL
4 Sentyabr 10:38 Siyasət"Azərbaycan-Çin münasibətləri son illərdə klassik diplomatik çərçivədən çıxaraq strateji tərəfdaşlıq məzmunu qazanmaqdadır". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Strateji tərəfdaşlığın yüksələn xətti bir neçə mühüm amillə izah oluna bilər. Birinci amil tərəflər arasında qarşılıqlı siyasi etimadın artmasıdır. Azərbaycanın beynəlxalq sistemdə balans siyasəti yürütməsi, heç bir qlobal güc mərkəzinə birtərəfli bağlılıq göstərməməsi Pekin üçün etibarlı tərəfdaşlıq modelini əks etdirir. Çin isə öz növbəsində Azərbaycanın regional sabitlik və inkişaf xəttini dəstəkləyir, onu Cənubi Qafqazda mühüm strateji oyunçu kimi qəbul edir. İkincisi, əməkdaşlığın təkcə iqtisadi müstəvidə deyil, siyasi-diplomatik sahədə də genişlənməsidir. Bakı ilə Pekin arasında münasibətlər artıq yalnız ticarət, enerji və logistika layihələri ilə məhdudlaşmır. İndi əsas diqqət qlobal təşkilatlarda koordinasiyaya, regional təhlükəsizlikdə qarşılıqlı maraqlara yönəlir. Üçüncüsü, strateji tərəfdaşlığın yüksəlişi liderlərin şəxsi münasibətləri ilə bilavasitə bağlıdır. İlham Əliyev və Si Cinpinin son illər keçirdiyi görüşlərdə nümayiş olunan qarşılıqlı hörmət və yüksək qəbul forması dövlətlərarası münasibətlərin əsas siyasi dayağına çevrilib. Diplomatiyada şəxsi əlaqələrin təsirini nəzərə alsaq, Azərbaycan - Çin münasibətlərində məhz bu faktorun strateji xətti sürətləndirdiyini demək olar. Nəhayət, Azərbaycan üçün bu tərəfdaşlıq həm də regional liderlik statusunun möhkəmlənməsi deməkdir. Çin kimi supergücün Azərbaycanın diplomatik aktivliyini dəstəkləməsi, Bakı ilə əməkdaşlığı strateji müstəviyə qaldırması Azərbaycanın beynəlxalq sistemdə rolunu daha da artırır. Beynəlxalq münasibətlərdə bəzən rəsmi sənədlərdən və protokol bəyanatlarından daha güclü mesajları diplomatik simvollar ötürür. Prezident İlham Əliyevin Pekin səfəri də məhz bu simvolizmlə diqqət çəkir. Onun Çin paytaxtında yüksək səviyyədə qarşılanması, dövlət başçısına göstərilən xüsusi diqqət Pekinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyinin açıq göstəricisidir. Diplomatiyada liderlərin şəxsi münasibətləri dövlətlərarası əlaqələrin gələcəyini müəyyən edir. İlham Əliyevlə Si Cinpin arasında formalaşan etimadlı münasibətdə bu kontekstdə önəmlidir. Çin liderinin Əliyevə göstərdiyi ehtiram, ikitərəfli görüşlərin səmimiyyət və qarşılıqlı hörmət atmosferində keçməsi münasibətlərin institusional deyil, həm də şəxsi etimad üzərində qurulduğunu göstərir. Mövcud amillər Azərbaycanın diplomatik mövqeyinə də əlavə üstünlüklər qazandırır. Böyük dövlətlərin liderləri ilə şəxsi etimad əlaqələri qurmaq kiçik və orta güc statusunda olan ölkələr üçün nadir şansdır. İlham Əliyev bu imkanı bacarıqla reallaşdıraraq Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir. Diplomatik simvolların siyasi mesajı həm də Azərbaycanın regional statusunu təsdiqləyir. Əliyevin Pekində göstərilən qəbul forması Bakının regional sabitlik və təhlükəsizlik aktoru kimi qəbul olunmasının vizual ifadəsidir. Beləliklə, İlham Əliyevin Çin lideri ilə münasibətlərində fərqləndirici cəhət rəsmi protokoldan daha çox liderlərin qarşılıqlı hörmət və strateji vizyon əsasında əməkdaşlığıdır".