Turab Rzayev: Duqinin "toksik" miqrant açıqlaması şovinist yanaşmadır - ÖZƏL
3 Sentyabr 16:58 SiyasətRus filosof Aleksandr Duqin bildirib ki, Rusiyada azərbaycanlılar, taciklər və özbəklər "ən toksik" miqrant qruplardır. Onun sözlərinə görə, miqrantların qalma yolu yalnız assimilyasiya və pravoslavlığı qəbul etməkdir.
Bu mövzuda politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Duqinin çıxışları əslində bizim üçün təəccüblü deyil. Çünki Duqin özündə xüsusi şovinizmi, rus millətçiliyi - həm dini, həm etnik millətçiliyi təmsil edib. Ona görə də onun belə çıxışlar verməsi normaldır.
Burada Mərkəzi Asiya, Qafqazdan olan müsəlman xalqlarını qeyd edib, əslində Duqinə görə təkcə onlar deyil, dağıstanlılar, çeçenlər də "toksik" adlandırır. Sadəcə utandığına görə, onlar rusiya vətəndaşı olduğu üçün onların adlarını çəkməyib. Cənubi Qafqaz və Mərkəzi Asiya xalqlarına belə nifrətini göstərib. Çünki, Qafqaz xalqları öz mədəniyyətlərini qoruyan, milli xüsusiyyətlərini saxlayan xalqlardır. Onlar tez əriyib, itmir, assimilyasiya olmurlar. Bu da Duqini narahat edir. Çünki o, şovinist kimi istəyir ki, gələn miqrantlar rus xalqı içində ərisinlər, yox olsunlar, assimilyasiya olsunlar. O, bir şovinist kimi istəyir ki, onlar xristianlığı qəbul etsinlər, ruslaşsınlar və nəticədə Rusiya türk-tatar qanı üzərində yüksəlsin. Əslində Rusiyanın tarixinə baxsaq, onun dövlətçiliyi türklərin və tatarların əsərləri üzərində qurulub. Rusiyanın bütün tarixi şəxsiyyətləri, görkəmli adamları, generalları, hətta imperatorları, çarları türk əsillidirlər və bundan bəhrələniblər. Sadəcə, pravoslavlıqla, xristianlıqla onların dinini dəyişdirərək Rusiya imperiyası naminə fəaliyyət göstəriblər. Bu gün də istənilən budur. Azərbaycanlılar və mərkəzi asiyalılar isə dinlərini dəyişmirlər, tamamilə ərimirlər. Ona görə də Duqin və başqaları onları "toksik qruplar" adlandırır. Əsrlərdir Rusiyada din vasitəsilə insanları assimilyasiya etmək ənənəsi var. İndi də çalışırlar ki, azərbaycanlıları və mərkəzi asiyalıları assimilyasiya etsinlər. Bunun nə qədər uğurlu olub-olmayacağı isə bəlli deyil. Düşünürəm ki, azərbaycanlılar və başqaları inteqrasiya edə bilirlər. Hətta bir çoxu artıq edib. Rusiyanın cəmiyyətində hüquq-mühafizə orqanlarında, orduda, kosmik sənayedə və başqa sahələrdə kifayət qədər azərbaycanlı və mərkəzi asiyalı var. Əslində onların böyük bir qismi artıq Rusiya cəmiyyətinə inteqrasiya edib. Hətta assimilyasiya olanlar belə mövcuddur.
Duqinin bunu gündəmə gətirməsinin səbəbi isə odur ki, Rusiya da yaxşı bilir ki, immiqrantlardan böyük dövlətlər qarşı istifadə olunmağa çalışır. Məsələn, Azərbaycanı və ya Mərkəzi Asiya ölkələrini cəzalandırmaq üçün Putin hakimiyyəti onlardan istifadə edə bilər. Duqin də burada sadəcə özünə düşən rolu oynayır. Başqa sözlə, miqrantları bir silah kimi istifadə edirlər. Amma bunun Rusiya üçün çox neqativ nəticələri olacaq. Çünki Rusiya da işçi qüvvəsinə çatışmır, orduda da çatışmır, cəbhədə də çatışmır, istehsalatda da çatışmır. Belə bir vaxtda miqrantları küsdürmək, onları məcburiyyət qarşısında qoymaq, siyasi hədəf kimi istifadə etmək nəticədə miqrantların Rusiyanı tərk etməsinə səbəb olacaq. Sabah azərbaycanlılar, özbəklər, taciklər Rusiyanı tərk etsələr, ölkənin sənaye müəssisələri normal işləyə bilməyəcək. Rusiya da işləməyə adam qalmayacaq. Biznes sahəsi boşalacaq. Hətta orduya belə normal əsgər tapılmayacaq. Bütün işi miqrantlar görür deyə, həbsdə olanlar rusları məcburi əsrgərliyə aparırlar. Sabah miqrantlar olmayanda ruslar məcburən onları əvəz etməli olacaqlar. Amma bu da alınmayacaq. Orduya da adam aparmaq mümkün olmayacaq. Yəni, əslində bu, ruslar üçün çox təhlükəli və ziddiyyətli açıqlamalardır".