“Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı qaçılmazdır” – Əli Mustafa – ÖZƏL
3 Sentyabr 2025 15:52 Siyasət"Ermənilərin Qarabağdan köçməsi tamamilə normaldır, çünki Qarabağ onların tarixi vətəni deyil. Ermənilər Qarabağa XIX əsrdə Osmanlı və Qacar dövlətlərinin ərazilərindən köçürülüblər".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu proses Rusiya-Qacar və Rusiya-Osmanlı dövlətləri arasında bağlanan müqavilələrə uyğun olaraq həyata keçirilib. Məsələn, Türkmənçay müqaviləsində bu barədə müddəalar var. Halbuki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar, türklər orada min illər boyu məskunlaşıblar. Yəni, bu torpaqlar bizim babalarımızın ata-baba yurdlarıdır. Ona görə də bu məsələdə bərabərlik işarəsi qoymaq doğru deyil.
Siyasi şərhçinin sözlərinə görə, hətta Azərbaycan-Ermənistan münasibətləri normallaşsa və nizama düşsə belə, bizim vətəndaşlarımızın ata-baba torpaqlarına qayıtmaq hüququ qüvvədə qalır: "Bu məsələ Azərbaycan-Ermənistan münasibətlərindən asılı deyil. Əksinə, müəyyən yaxınlaşma baş verərsə, inteqrasiya prosesi sürətlənə də bilər. Hər halda, bütün hallarda bu qayıdış məsələsi Ermənistan hökumətinin razılığı ilə reallaşmalıdır".
Ə. Mustafa vurğulayıb ki, Qarabağdakı ermənilərin köçürülməsi doğru qiymətləndirilməlidir. Onlar özləri könüllü şəkildə qərar verərək oradan getdilər. Digər tərəfdən, 30 il ərzində Qarabağda törədilmiş cinayətlərdə, terror hərəkətlərində onların çoxu iştirak edib. Hətta bir çox mülki şəxslər də cinayətkarlarla eyni mövqedə olduqlarına görə, gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklərini anladılar və buna görə Qarabağı tərk etdilər. Amma bizim insanlar - Qarabağ azərbaycanlıları - oradan zorla köçürülüblər. Onlar könüllü olaraq getməyiblər, məcbur ediliblər. Hətta çoxlarının əmlakı, mülkü talan edilib, dağıdılıb. Buna görə də mən düşünürəm ki, bu məsələ daim gündəmdə saxlanılmalıdır. Fürsət düşəndə, dövlətlərarası və hökumətlərarası razılaşmalar nəticəsində Qərbi Azərbaycandan köçürülmüş azərbaycanlıların öz yurdlarına qayıtmaq arzusu reallaşdırılmalıdır.
Siyasi şərhçinin fikrincə, bu gec-tez mümkün olacaq. Çünki bu, insan haqları ilə bağlı məsələdir. Əslində, beynəlxalq təşkilatlar da bu problemi görməli və həmin azərbaycanlıların hüquqlarının bərpa olunmasına, öz ata-baba torpaqlarına qayıtmalarına dəstək verməlidirlər.
Sevda Dəniz